Ölümündən 118 gün sonra nəşi tapılan şəhidimizin tək arzusu Qarabağa bayraq sancmaq idi - FOTO

Ölümündən 118 gün sonra nəşi tapılan şəhidimizin tək arzusu Qarabağa bayraq sancmaq idi - FOTO
Foto
Sosial 186

44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycanın vətənpərvər oğulları canlarından keçdilər. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 881 hərbi qulluqçusu həlak olub. Onlardan biri də Mikayılov Rahim Qalib oğludur.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, o, 1990-cı il sentyabrın 3-də Quba rayonunun İkinci Nügədi kəndində anadan olub.

Həmin kənddə orta məktəbi bitirdikdən sonra Gəncə Dövlət Texnologiya Universitetində Dövlət və Bələdiyyə idarəetməsi fakültəsində təhsil alıb.

Şəhidimiz Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə əsgər kimi xidmətə başlayıb. Daha sonra ordu sıralarında işləmək üçün adını kursant kimi Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə yazdırıb.

Qardaşı Rasim Mikayılov deyir ki, ailəsi onun orduda qalmasının tərəfdarı olmayıb:

“Biz istəyirdik ki, o, başqa sahə üzrə çalışsın, amma qardaşımın vətən sevgisi onu ordu sıralarına apardı. Kursu bitirdikdən sonra seçim mərhələsində təyinatı elan edən komissiya rəhbərinə yaxınlaşaraq özünün Murov dağı istiqamətində xidmətə göndərilməsini istəyib.

O, Göygöl rayonunda “N” saylı hərbi hissəyə təyinat aldı, leytenant rütbəsi ilə tağım komandiri kimi işə başladı. Qısa zamanda bölük komandiri oldu.

Beş il Murov dağının yüksək zirvələrində yerləşən postlarda bölük komandiri kimi xidmət edib. Aprel döyüşləri və ötən ilin iyun ayında Tovuz istiqamətində gedən döyüşlərdə fəal iştirakçı olub. Daha sonra baş leytenant hərbi rütbəsinə, fəxri fərman və medallara layiq görülüb. Qardaşım öz işini o qədər sevirdi ki, hətta bütün şəxsi arzularını da vətəninə qurban verdi”.

Qardaşının sözlərinə görə, qəhrəman şəhidimiz vətən üçün mübarizəni özünə həyat amalı seçmişdi:

“Rahim vətənin işğaldan azad olunacağı günlərin çox yaxında olduğunu deyirdi. O, hər dəfə deyirdi ki, “Azərbaycan ordusunun nələrə qadir olduğunu mütləq görəcəksiniz”. Ən böyük arzusu isə işğaldan azad ediləcək torpaqlara Azərbaycan bayrağını sancmaq idi.

O, buna nail oldu. 2020-ci il 27 sentyabr tarixindən sonra başlayan döyüşlərdə onlara verilən tapşırığı yerinə yetirərək göstərilən yüksəkliyi qısa zaman ərzində düşməndən azad ediblər. O, Azərbaycanın dövlət bayrağını həmin yüksəkliyə sancmışdı.

Elə həmin gün qardaşım Vətən müharibəsində Murov dağı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun nəşi 118 gün sonra tapılıb və 2021-ci il yanvarın 23-də doğulduğu İkinci Nügədi kəndində torpağa tapşırılıb”.

Qəhrəman şəhidin özündən geriyə bir övladı qalıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər