Oğlumun həyatının nöqtəsi qəfil qoyuldu: Anası şəhidin ölüm xəbərini necə öyrəndi?
Baku TV-də Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun əsgəri Mirhəmid Qasımlı haqqında reportaj yayımlanıb.
Mirhəmid Qasımlı 2020-ci il sentyabrın 27-də ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində savaşıb, oktyabrın 21-də Füzuli uğrunda döyüşlərdə şəhid olub.
Oğlu ilə bağlı xatirələrindən söz açan şəhidin anası Raziyə Qasımova Mirhəmidin qeyri-adi biri olduğunu deyib:
"Çox ağıllı uşaq idi. 26 illik ömründə mən ondan heç vaxt inciməmişəm. Analar var ki, övladından şikayət edir. Mənim oğlum qeyri-adi uşaq idi. Hamı onu çox istəyirdi. İdmanı sevirdi, 8-ci sinifdə dedi ki, dünya arenasına çıxmaq istəyirəm. Hətta məşqçi onu küçədə görüb idmana yönəltmişdi. O qədər cəld idi ki, dedilər, bu uşağı bizə verin, yetişdirək".
Şəhid anasının sözlərinə görə, oğlu müharibəyə könüllü yollanıbmış:
"Mən birdən müharibə olar deyə qorxurdum. O da "Orada vuruşanlar məndən əskikdir?" deyirdi. Sentyabrın 21-i qapıdan çıxanda dedim ki, Miri, getmə. Söylədi ki, ana nə danışırsan, qapımıza gəlsinlər, biabır olaq? Qardaşı Mircavada "Mən şəhid olacağam, anamı ağlamağa qoyma" deyə tapşırıb. Oktyabrın 21-i şəhid oldu, 24-ü xəbər tutduq. Məndən halallıq almaq istəyib. Amma qazi dostu qoymayıb, deyib ki, ananı qorxutma".
Raziyə Qasımova oğlunun şəhid olması xəbərini necə alması barədə də danışıb:
"Bizə zəng gəldi ki, uşaqlar onu gətiriblər, gəlin, baxın. Mən eşitmişdim ki, icradan şəhid xəbərini vermək üçün zəng edirlər. Onda bildim, övladım şəhid olub. Subay idi, evlənmək istəyirdi. Sevdiyi var idi, böyük oğlum evlənmirdi, deyirdi ki, ay ana, qoy, evlənməsin, mən özüm ailə həyatı quracağam. Qəfil müharibəyə getdi, həyatının nöqtəsi qoyuldu".
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Nazirlik: Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir
Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir, fermerlərin daha çox gəlir əldə etməsinin qarşısını alır. BAKU.WS report-a istinadən xəb...