Müalicə və reabilitasiya mərkəzləri genişlənir - AHİK-dən AÇIQLAMA

Müalicə və reabilitasiya mərkəzləri genişlənir - AHİK-dən AÇIQLAMA
Açıqlama
Sosial 68

"Azərbaycan həmkarlar ittifaqlarının ölkəmizin müxtəlif regionlarında müalicə və istirahət infrastrukturu mövcuddur".

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) bildirilib.

AHİK-dən qeyd edilib ki, Abşeron yarımadasında yerləşən sağlamlıq mərkəzləri əsasən kardioloji, nevroloji, fizioterapevtik, mədə-bağırsaq müalicəsi, dayaq-hərəkət sistemlərinin müalicəsi və ümumi reabilitasiya profilləri üzrə fəaliyyət göstərir:

"Naftalan şəhərindəki sağlamlıq mərkəzi naftalan nefti ilə müalicə üzrə ixtisaslaşıb. Qaxdakı sağlamlıq mərkəzi təbiət və iqlim-terapiya üstünlükləri ilə seçilir.

Konfederasiyanın Naxçıvanda da sağlamlıq və istirahət mərkəzləri var. Burada "Ağbulaq" istirahət mərkəzi, "Darıdağ" arsenli su müalicə mərkəzi və "Duzdağ" müalicə mərkəzi fəaliyyət göstərir.

İstirahət mərkəzləri isə ailəvi istirahət, mövsüm turları, kollektiv tədbirlər və sağlamlıq yönümlü proqramlar üçün nəzərdə tutulub və regionların müxtəlif turizm zonalarında yerləşir.

Hazırda sağlamlıq və istirahət mərkəzlərimizdə avadanlıqlar yenilənir və şərait daha da yaxşılaşdırılır. Məsələn, "Buzovna" Fizioterapiya Mərkəzi istifadəyə verilib, "Bilgəh" kardioloji və "Abşeron" mədə-bağırsaq təyinatlı sağlamlıq mərkəzlərdə isə müalicə və istirahət üçün müasir standartlara cavab verən imkanlar yaradılıb. Həmçinin "Kurort-Naftalan" və "Günəşli" sağlamlıq mərkəzləri də tam müasir şəraitlə təmin edilib.

Bütün bunlarda məqsəd müasir müalicə və reabilitasiya xidmətlərini əlçatan etmək, istirahət imkanlarını genişləndirmək, xidmət keyfiyyətini yüksəltməkdir".

Qeyd edək ki, istirahət mərkəzlərinə yollayışların dəyəri əsasən məcburi dövlət sosial sığorta ayırmaları və üzv təşkilatların büdcə vəsaiti hesabına tam və ya qismən ödənilir. Qismən ödənişli və ödənişsiz yollayışlar növbəlilik prinsipi əsasında verilir. Müraciətlər yalnız elektron qaydada - e-ahik.az portalı vasitəsilə qəbul olunur.

Orxan Hüseyn

Son xəbərlər