Minatəmizləmə üzrə son 5 ilin rekordu qeydə alınıb - STATİSTİKA
2021–2025-ci illər ərzində ümumilikdə 248 391,6 hektar ərazi mina və partladılmamış hərbi sursatlardan təmizlənib.
Media Təhlil Mərkəzindən BAKU.WS-ə daxil olan məlumata görə, 2024-cü ildə mina və partladılmamış sursatlardan təmizlənən ərazilərin ümumi sahəsi 62 023,9 hektar təşkil edib.
2025-ci ildə isə əvvəlki illə müqayisədə təmizlənən ərazilərin sahəsi 11,6 faiz və ya 7 181,8 hektar artaraq 69 205,7 hektara çatıb. Bu göstərici son beş il ərzində qeydə alınmış ən yüksək nəticədir.
İllər üzrə dinamikaya nəzər salsaq görərik ki, 2021-ci ildə mina və partladılmamış sursatlardan təmizlənən ərazilərin sahəsi 20 164,7 hektar olub. 2022-ci ildə bu göstərici əvvəlki illə müqayisədə 117,8 faiz və ya 23 751,1 hektar artaraq 43 915,8 hektara yüksəlib. 2023-cü ildə isə 2022-ci illə müqayisədə 20,9 faiz və ya 9 165,8 hektar artım qeydə alınıb, təmizlənən ərazilərin sahəsi 53 081,6 hektar təşkil edib.
Ümumilikdə, təqdim olunan göstəricilər mina təhlükəsinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin həcminin və intensivliyinin ildən-ilə artdığını nümayiş etdirir.
Aparılan təhlil nəticəsində müəyyən edilib ki, 2025-ci ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları zamanı 1 861 ədəd tank əleyhinə mina və 4 963 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Ümumilikdə isə 2021–2025-ci illər ərzində işğaldan azad olunmuş ərazilərdə 20 272 ədəd tank əleyhinə mina və 34 213 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Qeyd olunmalıdır ki, minatəmizləmə əməliyyatları həm mina sahələrində, həm də vaxtilə döyüş əməliyyatlarının aparıldığı ərazilərdə icra olunur.
Minatəmizləmə fəaliyyəti Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, eləcə də beş özəl şirkət tərəfindən həyata keçirilir.
Aparılan təhlil nəticəsində müəyyən edilib ki, 2025-ci ildə işğaldan azad olunmuş ərazilərdə 52 392 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Ən yüksək artım 2024-cü ildə qeydə alınıb. Belə ki, 2023-cü ildə 23 049 ədəd partlamamış hərbi sursat zərərsizləşdirildiyi halda, 2024-cü ildə bu göstərici əvvəlki illə müqayisədə 156,7 faiz və ya 36 114 ədəd artaraq 59 163 ədədə çatıb.
Əvvəlki illərin göstəricilərinə nəzər saldıqda, 2022-ci ildə 14 950 ədəd, 2021-ci ildə isə 21 942 ədəd partlamamış hərbi sursatın aşkar edilərək zərərsizləşdirildiyi məlum olur.
Ümumilikdə 2021–2025-ci illər ərzində işğaldan azad olunmuş ərazilərdə 171 496 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın tədbirlər planına əsasən, 2026-cı ilin sonunadək 280 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub.
Proqram çərçivəsində 2022–2025-ci illər ərzində 228 227 hektar ərazi minalardan tam şəkildə təmizlənib.
Beləliklə, dövlət proqramının icra müddətinin başa çatmasına təxminən bir il qalmış, nəzərdə tutulan ümumi ərazinin 81,5 faizi artıq minalardan tam təmizlənib, bu isə proqram üzrə tədbirlərin planlı və ardıcıl şəkildə icra edildiyini göstərir.
Oxşar xəbərlər
Zəngilan sakinlərini sevindirəcək 34 milyonluq YENİ LAYİHƏ
Zəngilan şəhərində yerləşən 2-ci yaşayış məhəlləsində tikinti işlərinə start veriləcək. BAKU.WS-in Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və...