Min nəfər əhalisi olan kənd asfalt üzünə həsrət qalıb: "Nə təcili yardım gəlir, nə taksi"

Min nəfər əhalisi olan kənd asfalt üzünə həsrət qalıb: Nə təcili yardım gəlir, nə taksi
Video
Sosial 45

Zərdab rayonunun Burunlu kəndində təxminən üç kilometrlik yolun yararsız vəziyyətdə olması sakinləri çətin duruma salıb. Sakinlər Baku TV-nin "qaynar xətt"inə müraciət edərək hər gün böyük əziyyətlərlə qarşılaşdıqlarını bildiriblər. Təxminən min nəfər əhalisi olan kəndin yoluna indiyə qədər heç vaxt asfalt örtüyü çəkilməyib.

Yolun vəziyyəti kənd gənclərinin ailə qurmasına belə mane olur.

"Üç kəndi birləşdirən yoldur, amma baxan yoxdur. 26 yaşım var, amma bu yola görə evlənmək fikrim yoxdur. Hara elçi getsək, deyirlər ki, sizin kənddə şərait yoxdur, yolunuz bərbaddır. Buna görə də bizə qız vermirlər", - sakinlərdən biri deyib.

Digər bir sakin yolda qaldığı anları xatırladaraq mövcud vəziyyəti belə şərh edib: "Axşamçağı idi, kəndə gəlmək istəyirdim. Taksiyə 30 manat təklif elədim, dedi ki, mən o kəndə girə bilmərəm. 50 manat da versən, mən o kəndə girə bilmərəm, sizin yolunuz bərbad gündədir. Mənim bir qohumum rəhmətə getdi, Bakıdan hüzr yerinə gələ bilmədilər".

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Burunlu kənd yolunun yenidən qurulması ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Yolun investisiya proqramına daxil edilməsi gözlənilir. İnvestisiya proqramına daxil ediləndən sonra yolun yenidən qurulması həyata keçiriləcək.

Son xəbərlər