Metroda təlim: Şərti yanğın söndürüldü, “zərərçəkmişlər” təxliyə olundular - FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) birgə təşkilatçılığı ilə metronun “Nizami” stansiyasında təlim keçirilib.
FHN-dən verilən xəbərə görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.
Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.
Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Nizami” stansiyasında qısaqapanma nəticəsində şərti qatı tüstülənmə və yanğın barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunublar.
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib.FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə, operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.
Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və “Bakı Metropoliteni”nin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə beş ədəd texnikası və 35 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Qalereya
Oxşar xəbərlər
Metronun “Elmlər Akademiyasında” şərti yanğın, qatı tüstülənmə HƏYƏCANI - FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Elmlər Akademiyası” stansiyasında təlim keçirilib. BAKU.WS xəbər v...