Məscidə axundlar necə təyin olunur? - Komitədən RƏSMİ CAVAB

Məscidə axundlar necə təyin olunur? - Komitədən RƏSMİ CAVAB
Sosial 58

Cəmiyyətdə dini xidmətlərin peşəkar, qanunauyğun və şəffaf şəkildə həyata keçirilməsi dövlət üçün prioritet məsələlərdən biridir.

BAKU.WS-in məlumatına görə, məscidlərdə fəaliyyət göstərən din xadimlərinin hansı mexanizm əsasında təyin olunması və onların fəaliyyətinə necə nəzarət edilməsi ictimai maraq doğuran mövzulardandır.

Bu baxımdan, məscid axundlarının təyinatı və fəaliyyətinə nəzarət prosesi qanunvericiliklə müəyyən edilmiş konkret qaydalar əsasında həyata keçirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təyin olunur:

"Dövlət Komitəsinin Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası"na uyğun olaraq, din xadimlərinin təyin edilməsi məqsədi ilə müsahibəni Dövlət Komitəsi təşkil edir. Müsahibənin keçirilməsi haqqında elan sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, Komitənin internet saytında və media resurslarında verilir. Müsahibədən uğurla keçmiş namizəd Komitə sədrinin əmri ilə din xadimi təyin olunur. Müsahibədən keçmiş, lakin hələ təyin edilməmiş namizədlər isə iki il müddətinə din xadimlərinin ehtiyat kadrlar siyahısına daxil edilir.

Nəzarət mexanizmlərinə gəldikdə isə bu məqsədlə Dövlət Komitəsinin regional bölmələri tərəfindən məscidlərdə mütəmadi monitorinqlər həyata keçirilir. Eyni zamanda, "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası"nda attestasiyanın təşkili, Attestasiya Komissiyasının tərkibi, həmçinin attestasiyadan keçən din xadimlərinin qiymətləndirilməsinə dair müddəalar əksini tapıb.

Attestasiyadan uğurla keçən din xadimləri növbəti 5 il müddətinə öz vəzifələrini icra etmək hüququ qazanırlar və bu proses onların tutduqları vəzifəyə peşəkar uyğunluğunu müəyyən edir".

Orxan Hüseyn

Son xəbərlər