Külli miqdarda mənimsəmədə təqsirləndirilən musiqiçiyə AĞIR CƏZA VERİLDİ

Qanunsuz yolla pul qazanmaq məqsədilə yaradılmış 299 sayda şirkətin rəhbərlərindən olan Yasin Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən yekun prosesdə hökm oxunaraq Yasin Əhmədova ittiham olunduğu Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Ona təqsirləndirildiyi 177-ci və 189-cu maddələr üzrə isə baraət verilib.
Qeyd edək ki, cinayət yolu ilə pul qazanmaq məqsədilə yaradılmış 299 sayda şirkətin rəhbərlərindən biri - musiqiçi Yasin Əhmədov adına rəsmiləşdirilmiş şirkətlər vasitəsilə xüsusilə külli miqdarda dövlət vəsaitinin yeyintisində iştirakda ittiham olunub.
Maliyyə Monitorinqi Mərkəzinin izləmələri ilə şirkətlərin şübhəli əməliyyatlar apardığı üzə çıxıb. Məlum olub ki, Yasin Əhmədov və əlbir olduğu digər şəxslərin adına olan şirkətlər ölkə xaricində və daxilindəki müəyyən hesablara milyonlarla pul köçürüb.
Pullar xaricə guya hansısa xidməti avadanlıqların alınması üçün köçürülsə də, heç bir alış-veriş aparılmayıb. Yeganə məqsəd cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaq olub.
Yasin Əhmədov barəsində 2024-cü ilin iyulunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq sənədlərinə görə, Yasin Əhmədov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədrinin köməkçisi Samir Ramiz oğlu Abdullayev, Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi Azər Mənaf oğlu Xudiyev, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazasının direktoru Yaqub Şəmsi oğlu Məmmədov, "Abşeron Regional Elektrik Şəbəkəsi" MMC-nin direktoru Elman İsrafil oğlu Vəliyev, Xızı rayon Şorabad bələdiyyəsinin sədri Fazil Şükür oğlu İsmayılov, "Dəmiryolservis" MMC-nin sabiq direktoru Əli Əşrəf Orxan oğlu Lütfəlibəyov, "5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin sabiq baş mühəndisi İsmayıl Lətif oğlu Sadıqov, Bakı Xoreoqrafiya Akademiyasının sabiq baş mühasibi Sahib Şakir oğlu Əzimovla əlbir olub.
Adları keçən şəxslər xidmət göstərilməsi üçün 299 şirkətə dəyərindən artıq dövlət vəsaiti köçürüblər. Ümumilikdə qurumlardan 5 milyon manatdan artıq pul köçürülüb, onun 1 milyondan bir qədər çox hissəsi sahibkarlarla köçürmə edən vəzifəlilər arasında bölüşdürülüb.
Oxşar xəbərlər
Bakı əhalisinə qazla bağlı XƏBƏRDARLIQ - Sabah saat 10:00-dan...
Qaz xətləri üzərində qoruyucu atıcı klapanın quraşdırılması və ortatəzyiqli yerüstü qaz xəttinin dayaqlar üzərinə qaldırılması işləri ilə əlaqədar 08.10.2025-ci...
