Küçələrə icazəsiz tramplin quraşdıranları hansı cərimələr gözləyir?

Küçələrə icazəsiz tramplin quraşdıranları hansı cərimələr gözləyir?
Video
Sosial 24

Yollarda, xüsusilə də məhəlləarası küçələrdə sakinlər tərəfindən quraşdırılan sürətazaldıcı maneələrə tez-tez rast gəlinir.

Baku TV-nin məlumatına görə, bəzi ərazilərdə demək olar ki, hər qapının qarşısında belə maneələr yerləşdirilib.

Sakinlərin sözlərinə görə, maneələrin quraşdırılmasında əsas məqsəd uşaqların və piyadaların təhlükəsizliyini təmin etməkdir.

"Maşınlar sürətlə keçməsin deyə qoyublar. Uşaqlar anidən yola çıxa bilərlər. Bir neçə dəfə avtomobillər az qalıb ki, uşaqları vursun", - deyə sakinlərdən biri bildirib.

Bəzi sürücülər isə məhəllədə sürətazaldıcı maneələrin standartlardan kənar quraşdırıldığını və bunun nəqliyyat vasitələrinə zərər vurduğunu deyirlər:

"Hər qapının ağzında bir tramplin var. Maşınla addım-addım hərəkət edirik".

Bəs hər kəs öz təşəbbüsü ilə yolun üzərinə sürətazaldıcı maneə qoya bilərmi? Bu cür maneələrin quraşdırılması hansı qaydalarla tənzimlənir?

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, ümumi istifadədə olan yollarda və məhəllədaxili küçələrdə sürətazaldıcı maneələrin quraşdırılması yalnız aidiyyəti dövlət qurumlarının razılığı və iştirakı ilə həyata keçirilə bilər.

Onun sözlərinə görə, çoxmənzilli binaların həyətlərində isə vəziyyət fərqlidir:

"Azərbaycan Respublikasının Mənzil Məcəlləsi sakinlərə öz həyətlərində təhlükəsizlik məqsədilə tramplin, şlaqbaum və digər məhdudlaşdırıcı vasitələr quraşdırmağa imkan verir".

Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli isə qeyd edib ki, "Yol hərəkəti haqqında" qanunun 11-ci maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına, nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneə yaradılmasına yol verilmir. Bu qaydaları pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

İcazəsiz tramplinlərin yerləşdirilməsinə görə, fiziki şəxlər 80 manatdan 100 manatadək, vəzifəli şəxslər 400 manatdan 500 manatadək, hüquqi şəxslər isə 3 min manatdan 4 min manatadək cərimələnə bilərlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər