“Koronavirus bəzi hallarda orqanlarda qalıcı izlər buraxır” - Azərbaycanlı həkim
Türkiyədə tibb təhsili alan və hazırda İstanbul Aydın Universitetinin Medikal Park Xəstəxanasının Kardiologiya klinikasında həkim - invaziv kardioloq işləyən Samir Allahverdiyev koronavirus pandemiyası ilə mübarizədən danışıb.
BAKU.WS xəbər verir ki, o, “Report”a müsahibəsində bəzi pasiyentlərin prosesi asanlıqla dəf etdiklərini, lakin bəzi hallarda infeksiyanın orqanlarda qalıcı izlər buraxdığını söyləyib:
“Bu virusun koronavirus ailəsinin yeni bir mutasiyasının nəticəsi olduğu müəyyənləşib. SARS-CoV-2 olaraq bilinən virusun əsas xüsusiyyəti insanlarda ağciyər tipli iki alveolyar hüceyrələr başda olmaqla, ürək əzələsi olan miokarda, böyrəyin proksimal borusuna, yemək borusuna, bağırsaq hissəsi olan ileum epitel hüceyrələrinə və sidik kisəsi urotel hüceyrələrində olan ACE2 reseptoruna asanlıqla bağlanıb orqanizmə daxil olmaqdadır. Təcrübəmizə əsaslanaraq deyə bilərik ki, bu virus təkcə ağciyərlərə deyil, mərkəzi sinir sisteminə - beyinə, orqanizm üçün xüsusi əhəmiyyət kəsb edən orqanlara ciddi zərər verə bilir və multiorqan çatışmazlığına səbəb olur. Koronavirus müxtəlif orqanizmlərdə çeşidli kimliyə girə bilir. Gənc orqanizmlər arasında virusun özünü büruzə vermədiyi, ancaq testlərin pozitiv çıxdığı müraciətlər çoxdur. Bu da koronavirusun necə təhlükəli olduğunu ortaya qoyur. Çünki gizli infeksiya daşıyıcısı gənc çevrəsində onlarla, yüzlərlə insanı özünün də xəbəri olmadan virusa yoluxdura bilir”.
Samir Allahverdiyev sözlərinə əlavə edib ki, bu xəstəliyin damarlarda tromb əmələ gəlməsi və ürəyin əzələ qişasının iltihabı adlandırılan miokardit ehtimalını artırdığını unutmamalıyıq:
“Bunun nəticəsində qəfil ürək infarktına təkan verən troponin fermentinin yüksəlməsi özünü göstərir. Ürəyin fəaliyyətinin zəifləməsi ilə başlayan ürək çatışmazlığı, aritmiya və ya tromb əmələ gəlməsi nəticəsində, həqiqətən, ürək infarktı ola bilər. Bu səbəbdən də pasiyent düzgün müayinə olunmalı və mütləq sürətli diaqnoz qoyulmalıdır. Əgər ürək şikayəti ilə xəstəxanaya müraciət edən pasiyentə koronavirus şübhəsi ilə yanaşmasaq, həm onun həyatını, həm də öz həyatımızı riskə atmış olarıq. Səhv diaqnoz pasiyentin düzgün müalicə olunmasını əngəlləməklə yanlış müalicə metodlarının tətbiqinə yol aça bilər. Bunun üçün xüsusilə kardioloqların koronavirusla mübarizədə diqqətli olması həyati əhəmiyyət daşıyır”.
Növbəti aylarda koronavirusun hansı formada təsir edəcəyi ilə bağlı danışan S.Allahverdiyev iki versiyanı irəli sürüb:
“Təbii ki, digər viruslar kimi, koronavirus da zamanla xarakterini açıq şəkildə ortaya qoyacaq. Belə ki, koronavirusun ya mutasiyaya uğrayıb yox olacağını, ya da daha da aqressivləşəcəyini düşünürəm. Bu prosesin nə qədər zamanda reallaşacağını heç kim deyə bilməz. Hazırda heç bir dərman bu virusa qarşı spesifik deyil. Yeni spesifik dərmanların yaradılması isə 10-14 aylıq laboratoriya araşdırması istəyir. Fikrimcə, peyvəndin tapılması ilə bu xəstəliyə son qoya bilərik. Ancaq bir vaksini hazırlanması, tətbiqi və nəticəyə uyğun olaraq istifadəsi minimum 1-2 il tələb edir”.
Kardioloq sonda qeyd edib ki, artıq koronavirusun öldürücü gücünün pik səviyyəsi arxada qaldı:
“Son həftələrdə statistik göstəricilər bütün dünyada bir qədər ürəkaçan olmağa başladı. Zənnimcə, bir və ya iki ay sonra koronavirusun təsirinin daha da azalacağını düşünürəm. İnsanlar evdə qalaraq, digər insanlarla aralarındakı məsafəni qoruyaraq, eyni zamanda gigiyenik qaydalara əməl edərək gedişatın müsbət istiqamətdə irəliləməsinə dəstək verə bilərlər. Hazırda fəsil dəyişir, havalar isindikcə koronavirusun xarakteristikasının necə dəyişəcəyini bilmirik. Bir kardioloq kimi bütün dünyada olan, xüsusilə Azərbaycan və Türkiyədəki bütün insanlara səslənirəm: bir qədər səbrli olsanız, hər şey qısa zamanda yoluna düşəcək. Əgər virusun bir əlamətini belə özünüzdə hiss etsəniz, mütləq xəstəxanaya müraciət edin”.
Oxşar xəbərlər
COVID-19 xəstələrini sağaldan həkimlər danışdı: Vəziyyətləri hər dəqiqə pisləşirdi
Dünya ölkələrində həkimlər və elm adamları koronavirus pandemiyasını dayandırmağın yolları və virusa yoluxmuş şəxsləri sağaltmağın metodları üzərində işləyirlər...