Komitə sədri 32-ci Beynəlxalq Hüquq və Din simpoziumunda iştirak edəcək

Komitə sədri 32-ci Beynəlxalq Hüquq və Din simpoziumunda iştirak edəcək
Sosial 13

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov 5-8 oktyabr tarixlərində ABŞ-nin Yuta ştatının Provo şəhərində "İnkişaf üçün yolların qurulması: Dini etiqad azadlığının regional, milli və beynəlxalq mühafizəsi" mövzusunda keçiriləcək 32-ci Beynəlxalq Hüquq və Din simpoziumunda iştirak edəcək.

BAKU.WS xəbər verir ki, Ramin Məmmədov simpoziumun "Dini azadlığın qorunmasında ən yaxşı təcrübələr: keçmiş və bugün" mövzusunda təşkil ediləcək plenar sessiyasında çıxış edəcək.

Briqam Yanq Universitetinin Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq simpoziuma Avropa, Asiya, Yaxın Şərq, Afrika, Sakit okean hövzəsi, Şimali və Cənubi Amerika ölkələrindən, həmçinin ABŞ-dən olan nümayəndələr qatılacaqlar.

Səfər çərçivəsində Dövlət Komitəsi sədrinin ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin ali idarəedici orqanı olan Həvarilər Kvorumunun üzvləri, Yuta ştatının, elmi-tədqiqat institutlarının, vətəndaş cəmiyyəti təşkilatlarının rəhbər şəxsləri, həmçinin Briqam Yanq Universitetinin təmsilçiləri və Universitetdə təşkil edilən kursda Azərbaycan dilini öyrənən tələbələrlə görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, 1994-cü ildən etibarən keçirilən Beynəlxalq Hüquq və Din Simpoziumu dini etiqad azadlığı prinsiplərinin müzakirəsi və bu prinsiplərin həyata keçirilməsi mexanizmlərinin araşdırılmasına həsr olunan beynəlxalq platformalardan biridir.

Son xəbərlər