Kənd təsərrüfatında yeni potensial TƏHLÜKƏ - Avadanlıqlar casusluq alətinə çevrilə bilər?

Kənd təsərrüfatında yeni potensial TƏHLÜKƏ - Avadanlıqlar casusluq alətinə çevrilə bilər?
Video
Sosial 6

Elm və texnologiyanın inkişafı ilə süni intellektdən və internetə qoşulan texnikalardan kənd təsərrüfatında da geniş istifadə olunur. Lakin bu texnologiyaların yaratdığı kibertəhlükəsizlik riskləri gündəmə gəlir.

BAKU.WS Baku TV-yə istinadən bildirir ki, iddialara görə, Çinin istehsal etdiyi internetə qoşulan traktorlar, dronlar və GPS-lə işləyən suvarma sistemləri vasitəsilə Böyük Britaniyanın kənd təsərrüfatı ilə bağlı məlumatlar əldə edilə bilər.

IT mütəxəssisi Asim Namazov məsələni şərh edərkən bildirib ki, burada əsas məsələ konkret olaraq Çin istehsalı texnikanın casusluq vasitəsi olması deyil:

"Söhbət internetə qoşulan texnikaların yaratdığı kibertəhlükəsizlik riskindən gedir. Bu gün müasir traktor artıq sadəcə mexaniki texnika deyil. Onun daxilində GPS, müxtəlif sensorlar, mobil rabitə modulları, proqram təminatı və bəzən bulud sistemləri ilə bağlantı olur".

Onun sözlərinə görə, traktorlar işlədikləri ərazi, sahənin ölçüsü və məhsuldarlıqla bağlı məlumatları, dronlar əkin sahələrinin görüntülərini, ağıllı suvarma sistemləri isə su sərfiyyatı və torpağın vəziyyəti barədə məlumatları toplaya bilər:

"Bunlar ayrı-ayrılıqda çox adi məlumatlar kimi görünür. Amma yüzlərlə və ya minlərlə cihazdan bu məlumatlar toplandıqda artıq ölkənin kənd təsərrüfatı haqqında kifayət qədər geniş mənzərə yaranır".

Asim Namazov qeyd edib ki, risk cihazın proqram təminatındakı zəiflikdən, məlumatların saxlandığı serverdəki təhlükəsizlik problemindən və ya internetə çıxışı təmin edən komponentlərdən qaynaqlana bilər.

Bununla belə, mütəxəssis vurğulayıb ki, riskin mövcud olması konkret olaraq Çinin həmin məlumatları oğurlaması demək deyil:

"Bunun üçün ayrıca sübut lazımdır. Xarici istehsalçıların texnologiyasından istifadə edən ölkə həmin cihazların hansı məlumatları topladığını, məlumatların hara getdiyini və istehsalçının sistemə hansı səviyyədə çıxış imkanının olduğunu bilməlidir. Yəni risk realdır, amma bunu avtomatik olaraq "Çin casusluq edir" kimi təqdim etmək düzgün olmazdı".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər