Prezidentdən Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti ilə bağlı SƏRƏNCAM

Prezidentdən Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti ilə bağlı SƏRƏNCAM
Sosial 138

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

BAKU.WS xəbər verir ki, sənəddə Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün insan hüquqlarının və çoxsaylı beynəlxalq hüquq normalarının pozulması, sosial-iqtisadi fəsadlar və mədəni irsə vurulan ziyanla yanaşı, misli görünməmiş ekoloji terror, təbii sərvətlərin genişmiqyaslı və uzunmüddətli talanı ilə nəticələndiyi vurğulanıb.

Qeyd olunub ki, ərazilərin 30 ilə yaxın işğal altında qaldığı müddət ərzində tarixi torpaqlarımızda təbiətə, bioloji müxtəlifliyə və su hövzələrinə qarşı ciddi ekoloji fəsadlar törədilib. Azərbaycanın “Qırmızı kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısı”na daxil edilmiş nadir təbiət inciləri məhv edilib, flora və faunaya külli miqdarda ziyan vurulub. Ətraf mühitin fiziki və kimyəvi çirklənməyə məruz qalması bütövlükdə regionda ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində qarşıda duran əsas vəzifələrdən biri də məhz həmin ərazilərdə təbii və keyfiyyətli ekosistemin, bioloji müxtəlifliyin, habelə nadir və itməkdə olan bitki növlərinin bərpa edilərək sağlamlaşdırılmasıdır. Bu ərazilərdə müasir yanaşmaların tətbiqi əsasında unikal meşə fondunun və mühafizə olunan təbiət komplekslərinin fəaliyyətinin bərpa edilməsi bütövlükdə regionun “yaşıl zona”ya çevrilməsinə şərait yaradacaq.

Sərəncama əsasən, işğaldan azad olunan ərazilərdə ətraf mühitin sağlamlaşdırılması və təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə qorunub saxlanılması məqsədilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində 107 hektar sahədə yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilir.

Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Qoruğun Əsasnaməsini və sanitariya-mühafizə zonasını dörd ay müddətində müəyyənləşdirib təsdiqləmək, Qoruğun mühafizəsi, təbliği və fəaliyyətinin maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görmək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə Qoruq ərazisində yerləşən təbiət obyektlərinin inventarlaşdırılmasını, həmçinin xarici və yerli mütəxəssisləri cəlb etməklə ekoloji vəziyyətin qiymətləndirilməsini aparmalıdır.

Aidiyyəti dövlət orqanlarına da sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.

Son xəbərlər