Bakıda kafe və restoranlar bir şərtlə açıla bilər - Say məhdudiyyəti tətbiq edilə bilər
Nazirlər Kabineti yanında Operativ Qərargahda kafe və restoranların nə zaman açılacağı və hansı iş saatlarının tətbiq olunacağı ilə bağlı müzakirələr davam edir.
BAKU.WS xəbər verir ki, qarşıdakı günlər ərzində Bakıda və rayonlarda restoranların fəaliyyətə başlaması barədə qərarlar açıqlanacaq.
Restoran və kafelərin açılması ilə bağlı dəqiq tarix məlum olmadığı kimi onların fəaliyyət prinsipləri də məlum deyil. Fəaliyyəti bərpa olunacaq bu məkanların eyni vaxtda nə qədər insanı qəbul edəcəyi, ara məsafəsinin hansı şərtlərlə qorunacağı və nəhayət, mümkün qiymət artımlarının olub-olmayacağı məlum deyil.
Mövcud durumda kafe və restoranlarla bağlı hansı yeniliyin olacağını dəqiqləşdirmək məqsədilə millət vəkili Aydın Mirzəzadəyə müraciət etdik. Deputat BAKU.WS-ə açıqlamasında bildirdi ki, bəzi rayonlarda eksperiment olaraq bir neçə kafe və restoranı müəyyən şərtlərlə açmaq olar:
"Təəssüf ki, koronavirusa yoluxanların sayı hələ də yüksəkdir. Buna görə biz ilk növbədə yoluxanların dinamikasında azalmaya nail olmalıyıq. Virusun yayılmasının qarşısı alındıqdan sonra kafe və restoranları açmaq mümkündür. Burada mütləq sosial məsafə gözlənilməlidir.
Biz Avstraliya təcrübəsindən istifadə edə bilərik. Bu ölkədə kafe və restoranlar 10 nəfərdən artıq müştəri qəbul edə bilmir. İnsanlar arasında məsafə isə azı 2 metr olur. Bundan əlavə insanlara qulluq edən personal əlcək və tibbi maskalardan istifadə edir.
Prinsipcə Bakı, Sumqayıt və digər rayonlarda COVID-19-a yoluxanların sayı azaldıqdan sonra bu praktikadan istifadə etmək olar. Eksperiment kimi bəzi rayonlarda bir neçə kafe və restoranın bu şərtlərlə işləməsinə icazə vermək olar. Bu şərtlər təbliğ edildikdən, sahibkarlarla iş aparıldıqdan sonra digər bölgələrdə də kafe və restoranların açılmasını təmin etmək olar".
Aydın Mirzəzadə həmçinin qeyd etdi ki, birdən-birə bütün kafe və restoranların açılması böyük fəsadlara səbəb ola bilər: "İndiki vəziyyətdə insanların kütləvi surətdə toplaşması yolverilməzdir. Necə ki, metro açıldı, insanlar müəyyən məhdudiyyəti gözləməklə bu nəqliyyat növündən istifadə edirlər, eləcə də ictimai iaşə obyektlərinin açılması qaydalarını müəyyənləşdirərək koronavirusa yoluxma halları kəskin aşağı düşdükdən sonra onları açmaq olar.
İstənilən qiymət tələb və təkliflə müəyyənləşir. Əgər restoranlar açıldıqdan sonra yüksək qiymət qoyarsa, onda öz müştərilərini itirəcəklər. Restoranlar insanların ödəmə qabiliyyətinə uyğun qiymət tarifi qoymalıdır. Əlbəttə, hansısa ərazidə bir məkana icazə veriləcəksə, onda həmin kafedə qiymət artımları ola bilər. Bu məsələyə sahibkarlar diqqət etməlidir".
Oxşar xəbərlər
Azərbaycanın ayrı-ayrı bölgələrində komendant saatı tətbiq oluna bilər - Millət vəkilindən təklif
Bayram günləri və həftə sonları koronavirusla bağlı Azərbaycanda Türkiyə təcrübəsindən istifadə edilə, məhdudiyyətlərin tətbiqi üçün komendant saatı tətbiq olun...