Departament müdiri: "İqlim dəyişikliyi insanlarda ürək xəstəliyinə səbəb olur"
Qlobal iqlim dəyişikliyi qütb buzlaqlarının əriməsinə, dəniz səviyyəsinin yüksəlməsinə və ekstremal hava hadisələrinin (daşqınlar, quraqlıqlar, tufanlar) artmasına gətirib çıxarır. Xüsusilə, kiçik ada dövlətləri, sahilyanı ərazilər və kənd təsərrüfatı ilə məşğul olan insanlar bu dəyişikliyin mənfi təsirlərinə daha çox məruz qalır.
Dəniz səviyyəsinin yüksəlməsi nəticəsində bəzi bölgələrdə daşqınlarbaş verir, bəzilərində isə quraqlıq və ərzaq qıtlığı yaranır.
Bəs iqlim dəyişikliyi nədir, buna nələr səbəb olur? Qaşısını almaq üçün nələr etmək lazımdır?
BAKU.WS bununla bağlı Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, ekoloq Rövşən Abbasov müsahibimiz oldu.
-Rövşən bəy, iqlim dəyişikliyi nədir? Buna nələr səbəb olur?
-İqlim dəyişikliyi deyəndə, bir ərazi üçün xarakterik olan temperatur və yağıntı şəraitinin dəyişməsidir. Bunun əsas səbəbi müasir dövrdə istixana qazlarının artmasıdır. Getdikcə artan istixana qazları bizim gündəlik həyatımızın bir parçasına çevrilib. Bu qazlar başlıca olaraq avtomobillərdən, sənayə müəssisələrdən gəlir və atmosferdə bu kimi zərərli maddələr artmaqdadır. Bu da tempraturun artmasına səbəb olur.
Qeyd etmək istəyirəm ki, istixana qazları atmosferdə istiliyi tutaraq Yer kürəsinin səthinin temperaturunu artıran qazlardır. Bu qazlar qlobal istiləşmə və iqlim dəyişikliyinin əsas səbəbləridir. Onlar günəşdən gələn qısa dalğalı radiasiyanı Yer səthinə buraxır və sonra bu radiasiyanı uzun dalğalı istilik formasında yer üzündən qaytarılan şüaları udaraq istiliyi saxlayırlar. Bu proses "istixana effekti" kimi tanınır.
-Demək olar ki, insan faktorunun rolu burada böyükdür?
-Bəli, iqlim dəyişmələri birbaşa insan faktoru ilə bağlıdır. Məsələn bir insan avtomobildən istifadə edirsə, burada yanan benzin havaya sızır. Bu da temperaturun artmasına səbəb olur. Başqa bir misalı isə kənd təsərrüfatından çəkmək istəyirəm. Hansı ki fermada peyindən əmələ gələn metan qazı da iqlim dəyişməsinə səbəb olan amillərdən biridir. Elektrik enerjisi belə temperaturun normadan artıq olmasına səbəb olur.
- Son onillikdə dünyada iqlim dəyişikliyinin hansı əsas əlamətləri müşahidə olunur?
-İlk növbədə bir çox regionlar var ki, orada istilik dalğaları əmələ gəlir. Bununla da yağıntılar azalır. Quraqlığın başlıca səbəblərindən biri də budur. Digər regionlarda isə yağıntının miqdarı normadan dəfələrlə artıq olur. Hətta daşqın kimi fəsadlar da bu yağışların nəticəsidir. Biz bir neçə gün əvvəl Bakıda yağan yağışın normadan artıq olması səbəbindən yaranan problemləri müşahidə etdik.
- Hansı ölkələr və regionlar iqlim dəyişikliyinin mənfi təsirlərinə daha çox məruz qalırlar?
-İqlim dəyişikliyinin təsiri müxtəlif olduğu kimi, fərqli regionlarda müşahidə olunur.
-Səhralarda yaşıllaşma gedir, hətta son illər müəyyən aralıqlarla yağışın, qarın yağdığına şahid oluruq. Buzlaqlar isə əriməyə başlayır. Belə bir sual yaranır ki, iqlim dəyişikliyi həmin bölgədə əks prossesin getməsidir?
-Xeyr, bu yanlışdır. Səhralarda intensiv yağışlar baş verə bilər. Ancaq 2-3 gün sonra yenidən sərt quraqlıq dövrü başlayar. Bu da iqlim dəyişikliyinin fəsadlarıdır.
-İqlim dəyişikliyi kənd təsərrüfatına, su ehtiyatlarına və qida təhlükəsizliyinə hansı təsirləri göstərir?
-Yağıntılar azalırsa, bitkilərin məhv olmasına gətirib çıxarır. Eyni zamanda kənd təsərrüfatı da çaylarda suyun azalması səbəbindən tənəzzülə doğru gedir. Sahil ərazilərində şəhərlər daşqınlar səbəbindən su altında qalır. Bu da infrastruktura ciddi ziyan verir. Buzlaqların əriməsi nəticəsində, okeanlarda suyun səviyyəsi də qalxır. Bu da mənfi təsirlərdən biridir. Daha sonra heyvanların yaşam şəraitinin aşağı düşməsi də birbaşa iqlim dəyişikliyi ilə bağlıdır. Belə ki, su çatışmazlığından otlaqlar quruyur. Heyvanlar üçün də yem problemi yaranır. İnsanlara mənfi təsiri ərzaq çatışmazlığı, bahalaşma olur. Bununla da qıtlıq yaranır. Eyni zamanda, insanların bu sahədən əldə etdiyi gəlirlər azalır. Vətəndaşlar bunun nəticəsi olaraq daha böyük şəhərlərə inteqrasiya edirlər. Bu da həmin şəhərlərdə xüsusi bir aqresiyaya səbəb olur.
-İqlim dəyişikliyinin qarşısını almaq üçün nə kimi işlər görülür?
-Elə öz ölkəmizdən götürək. Bu yaxınlarda dünya miqyaslı COP29 tədbirinin keçirilməsi məhz bu iqlim dəyişikliyi səbəbindəndir. Dövlətlər bir araya gələrək bunun qarşısını almağın yollarını axtarırlar. Bununla da ölkələr öz üzərlərinə müəyyən öhdəliklər götürürlər. Məsələn, Azərbaycan 2030-cu ilə qədər istixana qazlarını 35% azaltmağı öz qarşısına məqsəd qoyub. Bundan ötrü külək və Günəş enerjisindən istifadə getdikcə genişlənəcək. Avropa bu yolla 2050-ci ilə qədər istixana qazlarını ümumiyyətlə 0-a endirməyi planlaşdırır.
- Vətəndaşlar iqlim dəyişikliyi mövzusunda nə edə bilərlər?
-İnsan çalışmalıdır ki, hər bir şeyə qənaət etsin. Suya qənaət, elektrik enerjisinə qənaət insanların bu prossesə adaptasiya olmasına, iqlim dəyişikliyinə az da olsa, təsir edir.
-İqlim dəyişikliyinin sağlamlığa olan təsirləri nədir?
-İqlim dəyişikliyi daha sıx və güclü ekstremal hava hadisələrinə səbəb olur. Bu hadisələr birbaşa olaraq ölüm və yaralanmalara səbəb ola bilər. İstilik dalğaları istilik vurması və ürək-damar xəstəliklərinin riskini artırır. İqlim dəyişikliyi ilə əlaqəli olaraq hava çirklənməsi artdıqca nəfəs yolları və ürək xəstəliklərinin yayılması artır. Su çatışmazlığı xəstəliklərə səbəb ola bilər. İqlim dəyişikliyi səbəbindən bəzi yoluxucu xəstəlikləri yayan həşəratların və digər canlıların yayılma sahəsi genişlənir. Baş verən təbii fəlakətlər stress, depresiya və post-travmatik stress pozuntusu kimi psixi sağlamlıq problemlərinin artmasına səbəb ola bilər.
Bir az da bu iqlim dəyişikliyinə uyğunlaşmadan danışmaq istəyirəm. Su ehtiyatlarından səmərəli istifadə və suyun israfının azaldılması, su qıtlığı ilə mübarizə aparmaq üçün vacibdir. Eyni zamanda elektrik enerjisinə qənaət, şəxsi avtomobillər əvəzinə ictimai nəqliyyatdan istifadə ilə də vəziyyətə adaptasiya olmaq vacibdir.
İqlim dəyişikliyi bu günün deyil, gələcəyin də əsas problemlərindən biri olaraq qalacaq və onun təsirlərini minimuma endirmək üçün hər bir insanın və ölkənin aktiv şəkildə iştirak etməsi vacibdir.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Bazarlarda niyə yerli balıq tapılmır? - Ekspertlər gizlinləri açdı
Xəzər dənizi uzun illərdir ki, zənginliyi ilə regionun ən vacib təbii sərvətlərindən biri hesab olunur. Lakin son illər burada baş verən ekoloji problemlər cidd...