İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib

İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
Foto
Sosial 25

İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi baş tutub.

BAKU.WS report-a istinadən xəbər verir ki, mərasimdə çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud festivalda çox sayda xarici qonaqların iştirak etdiyini vurğulayəb:

"İldən-ilə bu festival daha da böyüyür. Festivalın təşkili olduqca önəmlidir, bununla xalçaçılıq mədəniyyətini qoruyub gələcək nəsillərə ötürürük".

Tədbirdə çıxış edən "Azərxalça" ASC İdarə Heyətinin sədri Emin Məmmədov bildirib ki, üçüncü dəfə keçirilən bu festival Azərbaycan Xalçaçılıq Gününə təsadüf edir:

"Məqsədimiz mədəni irsimizi qorumaqdır. Xalçaçaçılıq yalnız eksponat olmamalıdır. Bölgələrimizdə aktiv emalatxanalar və 500-ə yaxın toxucumuz var. İşçilərimizin 85 faizi kənd qadınlarıdır. Bu sənəti yaşatmaq hər birimizin borcudur".

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev öz növbəsində vurğulayıb ki, ölkədə xalça və xalça məhsullarının ixracı önəmlidir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu qeyd edib ki, xalçaçılıq Azərbaycan xalqının misilsiz sənətidir:

"Dünyada ilk xalça muzeyi Bakıda yaradılıb. Nə qədər Azərbaycan xalqı varsa, xalçaçılıq sənəti də var olacaq".

Tədbir mədəni hissə ilə davam edib.

***12:19

İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, festival çərçivəsində rəngarəng tədbirlər və nümayişlərin təşkili nəzərdə tutulub.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbərinin müavini Rəna Nəsirov-Mustafayeva jurnalistlərə açıqlamasında Beynəlxalq Xalça Festivalının artıq üçüncü dəfədir İçərişəhərdə təşkil olunduğunu vurğulayıb:

"Tədbir mayın 1-də forumla başlayıb, festivalda ümumilikdə 19 ölkədən nümayəndələr iştirak edir. Məqsədimiz Azərbaycanım xalçaçılıq sənətini, milli-mədəni dəyərlərimizi dünya ictimaiyyətinə çatdırmaqdır. Hazırda Qız qalası meydanında bütün bölgələrin xalçaçılıq sənəti nümayiş olunur, bütün regionların ornamentlərindən istifadə edilər xalçalar nümayiş olunur".

Festival İçərişəhərin tarixi küçələrini - qədim karvansarayları, meydanları, tarixi evləri əhatə edir və xalça sərgiləri, ustad dərsləri, musiqili tədbirləri ilə müşayiət olunur. Dünyanın müxtəlif ölkələrini təmsil edən nümayəndələr öz xalçaçılıq ənənələrini Qoşa Qala meydanında qurulacaq milli pavilyonlarda təqdim edirlər. Bundan əlavə, İçərişəhərdə yerləşən qalereyalarda bir neçə məşhur yerli və xarici rəssamların sərgiləri də açılacaq.

Qeyd edək ki, "Azərxalça" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər