Hərbi xidmətdə xəsarət alan iki uşaq atası: "Valideynləri həyat yoldaşımı apardılar"
Biləsuvar rayon sakini 30 yaşlı Fuad Şahbazlı aidiyyəti qurumlardan kömək istəyir.
Baku TV-nin qaynar xəttinə müraciət edən şikayətçinin sözlərinə görə, hərbi xidmət zamanı aldığı kəllə-beyin travmasından sonra səhhətində ciddi problemlər yaranıb.
İki uşaq atası olan Fuad Şahbazlı bu günə qədər heç bir pensiya və ya sosial təminat ala bilmədiyini deyir.
"Ailəmi saxlamağa, dərmanlarımı almağa pulum yoxdur. Uşağım dünyaya gəldi, ona baxa bilmədim. Valideynləri gəlib həyat yoldaşımı apardılar. Dərman qəbul etməsəm, qıcolmalarım tutacaq, dişlərim qırılacaq, ya da başımı yerə vuracağam, əziləcək. Xəstəliyimə görə hərbi xidmətə yararsız hesab edilirəmsə, mənə niyə pensiya verilmir?!" - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, Fuad Şahbazlının əlilliyinin qiymətləndirilməsi ilə bağlı son beş il ərzində tibb müəssisəsi tərəfindən heç bir sənəd ("Forma 88") rəsmiləşdirilməyib:
"Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən Fuad Şahbazlı ilə bağlı yeni "Forma 88" sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndirilə bilər".
Oxşar xəbərlər
Bakıda bu marşrut üzrə bütün avtobuslar sabahdan yenilənəcək
Paytaxtın Sabunçu qəsəbəsinin Əliyar Əliyev küçəsini Xətai rayonunun Rövlan Məmmədov küçəsi ilə əlaqələndirən 22 nömrəli marşrutda istismar olunan bütün avtobus...