Həkimlərin çağırışa gəlməməsi iddiasına cavab: "Həyətlərdə xidmətdənkənar ambulanslar park olunur"

Həkimlərin çağırışa gəlməməsi iddiasına cavab: Həyətlərdə xidmətdənkənar ambulanslar park olunur
Video
Sosial 125

Yardımlı sakinləri təcili yardımın çağırışa gəlməməsindən şikayətçidirlər.

Onların sözlərinə görə, xəstəxanada altı-yeddi təcili yardım avtomobili olmasına baxmayaraq, zəng etdikdə həkimlər çağırışa gəlmirlər.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təcili tibbi yardım stansiyaları, bölmələri və filiallarının həyətində ambulansların park vəziyyətində olması onların xidmətə cəlb olunmasının mümkünlüyü anlamına gəlmir:

"Təcili tibbi yardım xidməti - xüsusi hazırlıq keçən mütəxəssislərdən ibarət və müasir tibbi avadanlıqlarla təchiz olunmuş, əhaliyə xəstəxanayaqədər mərhələdə (hadisə yerində və təxliyə zamanı), tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım göstərən şəbəkədir.

Təcili tibbi yardım stansiyaları, bölmələri və filiallarının həyətində ambulansların park vəziyyətində olması onların xidmətə cəlb olunmasının mümkünlüyü anlamına gəlmir.

Çünki ambulanslar texniki vasitələrdir, onların çağırışa yollanması üçün yüksəkixtisaslı həkim, tibb bacısı və ilkin təcili yardım təlimi almış sürücüdən ibarət təcili tibbi yardım briqadası formalaşmalıdır.

Yəni təcili tibbi yardıma müraciət daxil olduqda çağırış ünvanına yollanacaq ambulans tibbi və texniki baxımdan komplektləşdirilməlidir.

Digər bir halda xidmətdənkənar ambulanslar təcili tibbi yardım stansiyaları, bölmələri və filiallarının həyətində park olunur".

Şikayətlə bağlı isə bildirilib ki, martın 7-də saat 15:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yardımlı rayonu ərazisindən çağırış səbəbi, ünvan, ad və soyad təqdim olunmadan zəng daxil olub:

"Zəngin qeydə alındığı vaxt həmin ərazi üzrə çağırış sayı çox olub və bütün briqadalar çağırışların icrasında olub. Saat 15:30-da daxil olan zəngdən təxminən 10 dəqiqə sonra videonu qeydə alan şəxs Yardımlı rayonu üzrə təcili tibbi yardım stansiyasına gəlib.

Saat 15:40-da isə digər çağırışdan azad olan və stansiyaya həmin şəxslə eyni anda daxil olan briqada vətəndaşa çağırış ünvanına gedə biləcəklərini deyib. Buna baxmayaraq, vətəndaş qəbul etməyib və çağırışın imtinası qeydə alınıb.

Həmin şəxsin saat 16:48-də arterial təzyiqin qalxması səbəbi ilə valideyni üçün (anası) yenidən müraciəti qəbul edilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və yerində tibbi xidmət göstərilib".

Son xəbərlər