Həkimdən xəbərdarlıq: İsti hava və maqnit qasırğası bu insanlara təhlükəlidir
Yay aylarında müşahidə olunan yüksək temperatur və Günəşdə baş verən güclü alışmaların yaratdığı maqnit qasırğaları bəzi insanlar üçün sağlamlıq baxımından əlavə risk yarada bilər.
BAKU.WS-in məlumatına görə, mütəxəssislər xüsusilə ürək-damar xəstəlikləri olan şəxslərin bu dövrdə daha diqqətli olmasını tövsiyə edirlər.
Kardioloq və terapevt Tatyana Zaletovanın sözlərinə görə, Günəş alışmaları Yer atmosferi tərəfindən zərərli şüalanmadan qorunduğu üçün birbaşa insan sağlamlığına təhlükə yaratmır. Lakin isti hava ilə yanaşı yaranan psixoloji gərginlik və narahatlıq orqanizmə əlavə yük düşməsinə səbəb ola bilər.
Həkim bildirib ki, isti havada damarlar genişlənir, ürək qanı daha sürətlə dövr etdirməyə məcbur qalır:
"Güclü tərləmə nəticəsində isə orqanizm natrium və kalium kimi vacib elektrolitləri itirir. Bu isə halsızlıq, əzələ spazmları və ürək ritmində pozğunluq hissi yarada bilər.
Hipertoniya, ürəyin işemik xəstəliyi, xroniki ürək çatışmazlığı, bronxial astma və xroniki obstruktiv ağciyər xəstəliyindən (XOAX) əziyyət çəkənlər, eləcə də yaşlı insanlar bu günlərdə daha çox risk altındadır. Yaşlı şəxslərdə bədən temperaturunun tənzimlənməsi zəiflədiyindən və susuzluq hissi az olduğundan onlar istinin təsirlərini daha ağır keçirə bilərlər".
Mütəxəssis əlavə edib ki, təşviş pozuntusu yaşayan insanlarda da isti hava və narahatedici xəbərlər panik ataklara səbəb ola bilər. Bu zaman ürəkdöyünmə, nəfəs darlığı, başgicəllənmə və baş ağrısı kimi əlamətlər müşahidə oluna bilər.
Həkim orqanizmi qorumaq üçün gün ərzində kifayət qədər su qəbul etməyi, ehtiyac olduqda elektrolit məhlullarından və maqnezium, kalium tərkibli mineral sulardan istifadə etməyi tövsiyə edir.
Bundan başqa, narahatlıq yaradan xəbərləri gün ərzində yalnız bir-iki dəfə izləmək, panik hissi yarandıqda isə nəfəs məşqlərindən istifadə etmək faydalıdır. Bunun üçün 4 saniyə nəfəs almaq, 4 saniyə saxlamaq, 6 saniyə ərzində nəfəs vermək və 2 saniyə fasilə etmək məsləhət görülür.
Orqanizmin həddindən artıq qızmasının qarşısını almaq üçün isə biləklərə və boynun ön hissəsinə sərin, nəm dəsmal qoymaq effektiv üsullardan biri hesab olunur. Bu nahiyələrdə damarlar dəriyə yaxın yerləşdiyi üçün bədən temperaturunun daha tez aşağı düşməsinə kömək edir.
Oxşar xəbərlər
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarə...