Həftə sonu yenə küçəyə çıxma qadağası olarsa... - Hazırlıqlarınızı son günə saxlamayın
Yeniliklərdən dərhal xəbərdar olun
6-8 iyun tarixində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda tətbiq edilən küçəyə çıxma qadağasından bir gün öncə marketlər baş verən çaxnaşmanı, həyəcanı, yəqin ki, xatırlayırsınız.
BAKU.WS xəbər verir ki, çölə çıxma qadağası tətbiq olunacağı bir neçə gün öncədən elan olunsa da, nədənsə bir çoxları hazırlıqlarını son günə saxladı. Nəticədə də bəzi xoşagəlməz mənzərələr qeydə alındı.
Bir çox marketdə vitrinlər boşaldıldı, kassalarda saatlarla növbələr yarandı. Marketlərdə, çörək sexlərində, un məmulatları mağazalarında çörək qıtlığı müşahidə olundu.
Bundan başqa, həftə sonunda Təcili Tibbi Yardıma müraciətlərin sayı əvvəlki günlərə nisbətən 800-ə yaxın artıq olub. Araşdırma nəticəsində müəyyən edilib ki, bunların bir hissəsi dərmanlarla əlaqəli çağırışlar idi.
Məsələ ilə bağlı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı əhaliyə müraciət edərək xahiş edib ki, gələcəkdə həftəsonu bu tipli karantin sərtləşdirilmələri olarsa, 103 xidmətinə olan xırda çağırışların çox olmaması üçün dərmanların alınması və s. kimi məsələləri əvvəlcədən həll etsinlər:
“Küçəyə çıxma qadağası ilə əlaqədar bəzi ən xırda hallarda, şikayətlərdə belə vətəndaşlar təcili yardım xidmətlərinə müraciət ediblər. Baş ağrısı yaxud hər hansısa bir dərmanlar üçün təcili yardıma müraciət ediblər. Biz bir daha öz daxili resurslarımızı analiz edərək müəyyən tədbirlərin görülməsi qərarını artıq vermişik”.
R.Bayramlı həmçinin həftə sonu qadağası ilə bağlı qərarın növbəti günlərdə təhlil ediləcəyini və effektivliyinin yoxlanılacağını söyləyib:
“Bəzi vətəndaşlardan suallar gəlir ki, virus həftənin 5 günü yayılmır ki, iki gün üçün bu qərar verilib? Son iki günün qərarının qəbul edilməsi onunla əlaqədardır ki, bu günlərdə iş aktivliyi onsuz da aşağı idi. Əsas məsələ də bu idi ki, biz təması minimuma endirək. Biz bu həftəsonu həmvətənlərimizin ciddi həmrəliyi ilə buna nail olduq. Bir daha vətəndaşlarımızı özlərinin və yaxınlarının sağlamlıqlarına biganə yanaşmamağa dəvət edirik. Bu xəstəlik bizimlə uzun müddət qalacaq. Ancaq biz cəmiyyətdəki aktivliyi, iqtisadi, sosial fəallığı, iş fəallığını qətiyyən itirmək istəmirik. Bizim arzumuz ondan ibarətdir ki, normallaşma prosesinə gedək, nə vaxt ki, xəstəliyin vaksini, dərmanı tapılacaq, onda məsələ kökündən öz həllini tapacaq. Ancaq bu gün üzərimizə düşən budur ki, normallaşmaya tədricən gedək.
Elan olunan bütün ictimai və qapalı yerlərdə maskadan istifadə edək, bütün məntəqələrdə, iş yerlərində fiziki məsafəni qoruyaq və əl gigiyenasına diqqət edək. Həftəsonunda tətbiq olunmuş küçəyə çıxmaq qadağası o vaxt əhəmiyyətli olacaq ki, biz həftə içində də bunlara əməl edək”.
Görünən budur ki, bu həftənin da küçəyə çıxma qadağası ola bilər. Üstəlik bu dəfə 3 gün olacağı gözlənilir. Çünki 15 iyun Qurtuluş Günü bazar gününə təsadüf etdiyi üçün 16 iyun qeyri-iş günü olacaq.
Ona görə də əhali gərək bu dəfə keçən həftəki hadisələri nəzərə almalı və hazırlıqlarını bir neçə gün öncədən görməlidir.
İşıq, su, qaz kimi kommunal ödənişlər üzrə kartların balansının artırılması, marketdən alış-veriş, dərman ehtiyatı və sair məsələlər son günə saxlanılmamalıdır. Daha bir məqam isə çörək ehtiyatı ilə bağlıdır ki, bir çox insan ehtiyacından daha artıq çörək almış və çölə çıxma qadağası bitdiyi gün artıq qalmış çörəkləri zibil qutularına atmışdılar. Bu dəfə eyni halların yaşanmaması üçün hər kəsin vaxtında və öz ehtiyacı qədər çörək alacağına ümidvarıq.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva modul tipli ilk xəstəxananın açılışında iştirak ediblər
Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Ə...