Günaydan ETİRAZ: "Bunu özümə qarşı aparılan çirkin təbliğat hesab edirəm" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Günay İbrahimli "O kimdir ki?" mahnısının bayağı ifalar sırasında yer almasına etiraz edib.
BAKU.WS xəbər verir ki, ifaçı bununla bağlı sosial şəbəkədə yazı paylaşıb.
Sənətçi narkotiki, pis əməlləri, cinayəti, özünə qəsdi, tüfeyli həyatı təbliğ edən şəxs və ifalarla onun adının bir siyahıda olmasını özünə qarşı aparılan çirkin təbliğat adlandırıb:
"Bu gün mediada Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı siyahıda mənim də adımın yer aldığını gördüm. Bu cür mötəbər və önəmli bir qurumun qeyri-peşəkar və qeyri-ciddi əməkdaşlarının heç bir izah gətirmədən mənim ifamı və adımın o siyahıya salmaları, ehtimal ki, qərəzdən doğur.
Narkotiki, pis əməlləri, cinayəti, özünə qəsdi, tüfeyli həyatı təbliğ edən şəxs və ifalarla mənim adımın bir siyahıda olmasını mənə və yaradıcılığıma qarşı aparılan çirkin təbliğat hesab edirəm. Qurumun rəsmi saytında bu xəbərə rast gəlmədim və hesabatda hansısa kitaba istinad edirlər.
Təsadüfə baxın ki, hansısa “mübariz” bir şəxs o kitabdan siyahını götürüb, yerli mediamıza yönləndirib və ya qurumun özü bu addımı atıb.
Nəysə. Bu siyahıya mənim adımı əlavə edən “psevdointellektual”, "ziyalı", guya mental dəyərlərimizə sadiq olan şəxslər əsas gətirə bilərmi ki, mənim “O kimdi ki?” adlı ifamda cinayət xarakterli məzmun hansıdır? Neçə şəxs narkotikə qurşanıb? Neçə şəxs özünə qəsd edib və ya özünə qəsd etmə səviyyəsinə çatıb? Əllərində statistika və rəqəmlər varmı?
Təbii ki, bu yanaşma mənə qarşı böhtandır. O şəxsləri Azərbaycan Respublikasının Konstitusiyasını oxumağa dəvət edirəm. Kimisə təftiş edərkən ədalət əsas meyar olmalıdır. Bu siyahıda sırf mənim adımın və ifamın olmasını əsla qəbul etmirəm. Araşdırmada doğru eyhamlar var. Buna qarşı deyiləm.
Amma heç bir istinad, əsas gətirmədən adımın hallanmasını şəxsimə qarşı qeyri-etik davranış olaraq qiymətləndirirəm. Monitorinq Mərkəzi işini sanballı, peşəkar mütəxəssislərə həvalə etmədikcə, kimlərinsə şəxsi qərəzini, zövqünü etalon qəbul edib, qaralama aparacaqsa, bu işi görməsə yaxşıdır.
Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 51. Yaradıcılıq azadlığı
I. Hər kəsin yaradıcılıq azadlığı vardır.
II. Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir".
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...