Göyçayda məktəb binası acınacaqlı durumdadır: "Övladlarımız hər an təhlükədədir"
Göyçay rayonunun Çərəkə kəndində Siyavuş Mirzəyev adına 1 nömrəli tam orta məktəbin qəzalı vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.
1969-cu ildə istifadəyə verilən məktəb binasının uzun illərdir əsaslı təmir olunmadığını bildirən vətəndaşların sözlərinə görə, təhsil ocağında həm şagirdlərin, həm də müəllimlərin təhlükəsizliyi ciddi risk altındadır.
"Məktəbin vəziyyəti çox acınacaqlıdır. Sinif otaqları bərbad vəziyyətdədir, pəncərələr sınıqdır. Sanitar qovşaq da yoxdur, şagirdlər gün ərzində təbii ehtiyaclarını ödəyə bilmirlər", - deyə sakinlərdən biri qeyd edib.
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, Göyçay rayonu Çərəkə kəndi Siyavuş Mirzəyev adına 1 nömrəli tam orta məktəbin mövcud vəziyyəti nəzarətdə saxlanılır.
Qurumdan qeyd olunub ki, 2025-ci ildə məktəb binasının dam örtüyü və üç sinif otağı cari təmir edilib. Hazırda binanın təmirə ehtiyacı olan digər hissələri ilə bağlı işlərin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır və müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
İdarədən əlavə edilib ki, təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.
Oxşar xəbərlər
Bakıda 16 mərtəbəli binada TƏHLÜKƏ: Daşıyıcı divarı dağıdıb qapı açdılar
Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında vətəndaş bildirir ki, Xətai rayonu, Xocalı prospekti, 29 ünvanında yerləşən 16 mərtəbəli binanın üçüncü m...