Gəncədə sakinlərin əsəbi tarıma çəkildi: "Ayaqaltında qalmışıq"
Gəncə şəhəri, Xətai prospekti, 84 və 87 saylı binaların sakinləri yaşadıqları ərazidə aparılan yeni tikintilərin onlar üçün ciddi çətinliklər yaratdığını iddia edirlər.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər yolların daraldığını və məhəllənin baxımsız vəziyyətə düşdüyünü bildiriblər. Onların sözlərinə görə, ərazidə əvvəllər qarajlar və uşaqların oynadığı geniş sahə olub.
Qarajlar söküldükdən sonra sakinlərə burada park salınacağı və uşaqlar üçün şərait yaradılacağı bildirilsə də, bunun əvəzinə yeni tikililər inşa edilib.
Sakinlər həmçinin ərazidə baş vermiş yanğın hadisəsini də xatırladıblar. Onların sözlərinə görə, binalardan birində yanğın baş verərkən sıx tikililər və dar yollar səbəbindən Fövqəladə Hallar Nazirliyinin texnikasının əraziyə daxil olması çətinləşib.
"Biri ölsə, cənazəni çıxarmağa yer yoxdur. Yanğın oldu, yanğınsöndürənlər əraziyə girə bilmədi. İki nəfər öldü, evlər də yanıb məhv oldu", - deyə sakinlərdən biri bildirib.
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin verdiyi məlumata əsasən, sözügedən ərazidə hazırda hər hansı tikinti işləri aparılmır. Daha əvvəl həyata keçirilmiş tikinti işlərinin qanunauyğunluğu isə aidiyyəti qurumlarla birgə araşdırılacaq. Sakinlərin məhəllənin abadlaşdırılması ilə bağlı müraciətinə gəlincə, bildirilib ki, hazırda Gəncə şəhərində mərhələli şəkildə abad məhəllələrin salınması istiqamətində işlər görülür. Qeyd edək ki, Baku TV-nin çəkilişdən sonra ərazidə aidiyyəti üzrə təmizlik işləri aparılıb.
Oxşar xəbərlər
Universitetlər rayonlara köçürülə bilərmi? - Deputatadan VACİB AÇIQLAMA
"ABŞ-də ən güclü və ilk onluqda yer alan universitetlərin yerləşdiyi ərazilərə baxdıqda görürük ki, onların əksəriyyəti böyük şəhər mərkəzlərində deyil, daha ki...