FHN Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Müdafiə Nazirliyinin Yanğından Mühafizə İnspeksiyası Cəmşid Naxçıvanski adına Hərbi Liseydə birgə təlim keçirib.
BAKU.WS xəbər verir ki, təlimə FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin müvafiq canlı qüvvə və texnikası cəlb edilib.
Təlimin keçirilməsində məqsəd Hərbi Liseyin müvafiq heyətinə, həmçinin zabit və kursantlara fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, bu kimi müəssisələrdə mümkün yanğın zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub.
Tədbirin nəzəri hissəsində FHN-in əməkdaşları fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, təlim iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, onların sualları cavablandırılıb.
Təlimin praktiki hissəsində müəssisə ərazisində şərti yanğınla əlaqədar "Həyəcan" siqnalı verildikdən sonra Liseyin əməkdaşları və kursantları tərəfindən "yanğına ilkin müdaxilə edilib", Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri isə operativ qaydada hadisə yerinə çataraq, "zərərçəkmişlərin təhlükəli ərazidən" təxliyə edilməsi, "yanğın" yerində çevik kəşfiyyatın aparılması və "yanğının söndürülməsi" əməliyyatlarını yerinə yetiriblər.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib və müəssisənin yanğın təhlükəsizliyinə məsul əməkdaşlarına maarifləndirici materiallar təqdim olunub.
Qalereya
Oxşar xəbərlər
33 il itkin kimi qeydiyyatda olan şəhid Zibeydə Əhmədova Xocalıda dəfn edilib
33 il itkin kimi qeydiyyatda olan şəhid Zibeydə Əhmədova Xocalıda dəfn olunub. BAKU.WS report-a istinadən xəbər verir ki, Z.Əhmədova Xocalı rayonu Şəhidlər xiya...