"Düşünürdüm ki, səhv anlaşılar" - Aktyor Kənan Yusifov atasının şəhid olmasını niyə gizlədib?
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı ssenarist və aktyor Kənan Yusifov olub.
O, proqramda uşaqlıq illərindən, Azərbaycan kinosunun problemlərindən, sosial media ilə televiziya arasındakı fərqlərdən, eləcə də valideynlərini itirməsini uzun illər ictimaiyyətdən gizli saxlamasından danışıb.
Kənan Yusifov atasının şəhid olmasından heç vaxt özünü tanıtmaq üçün istifadə etmək istəmədiyini bildirib:
"Bəzən düşünürdüm ki, atamın şəhid olmasından istifadə edib, əlində bayraq edib daha çox nəsə istəyən biri kimi görünərəm.
Düşünürdüm ki, səhv anlaşılar və istər-istəməz onun böyüklüyünə pis mənada təsir edərəm. Bəzən Şəhidlər Xiyabanına gizlənə-gizlənə getmişəm ki, heç kim məni görməsin. Hərdən düşünürəm ki, bəlkə də düz etməmişəm. Mən müəyyən qədər tanınmış adamam və bunu daha çox onu tanıtmaq üçün istifadə etməli idim. Çünki aktyor, müğənni və digər şou-biznes nümayəndələrinin qazandığı məşhurluq heç vaxt bir şəhidin, qəhrəmanın çatdığı zirvəyə çata bilməz. Amma onun xalq arasında daha çox tanınması üçün bundan istifadə edə bilərdim".
Aktyor hər iki valideynini erkən yaşda itirdiyini və bu barədə ilk dəfə bu qədər açıq danışdığını bildirib:
"Atam şəhid olub. Anamı iki yaşımda itirmişəm. Amma maddi, mənəvi və digər məsələlər baxımından sıradan bir uşaqlıq keçirmişəm. Mən əmim, əmimin həyat yoldaşı, nənəm və digər ailə üzvlərimlə böyümüşəm. Belə deyəndə bir çox adam elə başa düşür ki, yazıq, yetim uşaq qalmışam. Elə olmayıb. Hətta daha yaxşı böyüdülməyə çalışmışam. Allah hamısından razı olsun. Amma təbii ki, nəyin olmadığını sən uşaq vaxtı başa düşmürsən. 30-u keçəndə bir az anlayırsan ki, nə olmayıb, 40-da daha yaxşı başa düşürsən. Bəlkə də öz övladım olanda atamın yoxluğunu daha çox anlayacağam".
Oxşar xəbərlər
Azərbaycan-Ermənistan sərhədində 3,8 maqnitudalı zəlzələ baş verib
Azərbaycan-Ermənistan sərhədində - Ermənistan ərazisində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb. BAKU.WS xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmo...