Dövlət Yol Polisi dumanlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Hazırda paytaxtda, eləcə də respublikanın bir sıra rayonlarında dumanlı hava müşahidə edilir ki, bu da məhdudiyyətli görünmə şəraitində yol hərəkəti iştirakçılarına, xüsusilə sürücülərə bir sıra çətinliklər yaradır.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində deyilir.
Qeyd edilib ki, dumanlı hava yol hərəkəti zamanı nişanların, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülər belə havalarda daha da diqqətli olmalı, sürət həddini hava şəraitinə uyğun seçməli, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmalı, dayanma, durma, parklanma, eləcə də ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməli, xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidirlər.
"Eyni zamanda, piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamalı, belə havalarda yola çıxarkən daha da məsuliyyətli olmalıdırlar", - müraciətdə vurğulanır.
Oxşar xəbərlər
Polad Bülbüloğlu: Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmaması düzgün deyil
Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmaması düzgün deyil. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədr...