Dövlət Vergi Xidmətinin elektron sistemində NASAZLIĞIN SƏBƏBİ AÇIQLANDI
Hazırda 2026-cı ilin hesabat dövrü üzrə təqdim edilmiş cari vahid bəyannamələrin miqrasiya prosesi həyata keçirilir.
BAKU.WS xəbər verir ki, bu barədə sorğumuza Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd olunub ki, bununla əlaqədar olaraq, bəzi hallarda elektron xidmətlərdən istifadədə qısamüddətli çətinliklər yarana bilər. Vergi ödəyiciləri dəqiqləşdirilmiş hesabatları miqrasiya prosesi başa çatdıqdan dərhal sonra təqdim edə biləcəklər.
Həyata keçirilən proses vergi sisteminin daha təkmil və dayanıqlı fəaliyyətinin təmin olunmasına yönəlib və qısa müddətdə tamamlanması nəzərdə tutulur.
Qurumdan bildirilib ki, yaranmış müvəqqəti narahatlığa görə vergi ödəyicilərindən anlayışla yanaşmaları xahiş olunur.
Şahanə Xankişiyeva
***16:15
Dövlət Vergi Xidmətinin elektron sistemində yaranan problemlə bağlı vətəndaşlar və vergi ödəyiciləri çətinliklə üzləşdiklərini bildirirlər.
BAKU.WS-in qaynar xəttinə daxil olan şikayətdə qeyd olunur ki, artıq 3 gündür sistemdə nasazlıq müşahidə edilir və bu səbəbdən hesabatların təqdim olunması mümkün olmur.
Şikayətçi iddia edir ki, yaranan texniki problem səbəbindən vergi hesabatlarını vaxtında təqdim edə bilmirlər və nəticədə cərimə riski ilə üzləşə bilərlər.
Eyni zamanda bildirilir ki, vergi xidmət mərkəzlərində sıxlıq yaranıb və çox sayda insan məsələ ilə bağlı müraciət etsə də, xidmət göstərilməsində çətinliklər yaşanır.
Şikayətdə həmçinin qeyd olunur ki, qurumun əlaqə nömrələri ilə də əlaqə saxlamaq mümkün olmur.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Bu ərazilərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi bölgələrində aprelin 23-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrome...