Deputat: "Telefonla oynama" demək bəs etmir, valideyn özü nümunə olmalıdır"
"Sosial şəbəkələrdə yaşın yoxlanılması mexanizminin tətbiqi uşaqların zərərli məzmunlardan qorunması və rəqəmsal risklərdən qorunması baxımından mühüm addımdır. Bununla yanaşı, qanunvericilik dəyişikliklərinin effektiv olması üçün valideyn nəzarətinin gücləndirilməsi və uşaqlarla düzgün ünsiyyətin qurulması da vacibdir".
BAKU.WS xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, burada Prezidentin zərərli təsir və məzmunlardan qorunma istiqamətində imzaladığı sərəncamı da xüsusi qeyd etmək lazımdır:
"Məsələnin hüquqi - qanuni tərəfi artıq həllini tapıb. Təbii ki, bu, prosesə öz töhfəsini ciddi formada verəcək. Çox sevindiricidir ki, Azərbaycan bu sahədə ilk belə addımlar atan ölkələrdən biridir".
Deputatın sözlərinə görə, 16 yaşadək uşaqlar üçün sosial şəbəkələrdə qeydiyyatın məhdudlaşdırılması və 16-18 yaş arası yeniyetmələr üçün valideyn razılığının tələb olunması ailələrin məsuliyyətini daha da artırır:
"Bu məsələdə qanun yetərli deyil, təşəbbüslər də təkbaşına kifayət etmir. Burada valideynlərimizin üzərinə çox böyük vəzifə düşür. Valideynlər özləri övladlarına nəzarət etməlidirlər. Düşünürəm ki, onlar övladları ilə daha çox vaxt keçirməlidirlər. Burada təkcə sosial mediadan və ya telefondan istifadə edib-etməmək məsələsi deyil. Ən vacib məsələ uşaqların vaxtının səmərəli təşkilidir. Uşaqlarla birgə vaxt keçirdikdə, onlarla düzgün ünsiyyət qurulduqda nəticə əldə etmək mümkündür.
Amma valideyn övladına "telefona baxma", "telefonla oynama" deyib, özü eyni davranışı nümayiş etdirəcəksə, ciddi nəticə əldə olunmayacaq. Ona görə də valideyn özü telefonla məşğul olub sosial şəbəkələrdə vaxt keçirməklə kifayətlənməməli, ilk növbədə övladına nümunə olmalıdır".
C.Məmmədov vurğulayıb ki, dünyanın müxtəlif ölkələrində tətbiq olunan bu təcrübənin Azərbaycanda da həyata keçirilməsi uşaqların hüquqlarının və gələcəyinin qorunmasına xidmət edir:
"Bu qərarın qiymətləndirilməsinə gəldikdə isə hesab edirəm ki, uşaqların sağlam böyüməsi, onların zərərli təsir və məzmunlardan qorunması baxımından çox vacib və önəmli qərardır. Bu, həm uşaqların hüquqlarının, həm də gələcəyinin qorunmasına xidmət edir. Qeyd etdiyim kimi, çox sevindiricidir ki, Azərbaycan bu addımı atan və belə bir qərarı qəbul edən ilk ölkələrdən biridir. Burada əsas hədəf və məqsəd uşaqların gələcəyini qorumaq, onların sağlam böyüməsini təmin etmək, düzgün istiqamətləndirilməsi və sağlam şəkildə yetişdirilməsinə dəstək verməkdir".
Oxşar xəbərlər
Astarada 18 kq narkotik aşkarlanıb
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. BAKU.WS xəbər verir ki, tədbirlərlə qe...