İcra başçısı köçkünlərə verilən müavinət haqqında: "Bu adamlara nə güzəşt lazımdır, nə başqa şey"
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov son vaxtlar məcburi köçkünlərin bəzi güzəştlərinin ləğvi barədə yayılan məlumatlara münasibət bildirib.
BAKU.WS xəbər verir ki, B.Səfərov "Yeni Müsavat"a müsahibəsində hal-hazırda heç bir güzəştin ləğv olunmadığını bildirib: "Ara sözlərinə münasibət bildirməyim doğru olmaz. Hər halda ötən 23 ildə dövlət tərəfindən məcburi köçkünlərə və qaçqınlara mütəmadi dəstək olub. Bu gün dəstək varsa da, sağ olsunlar, yoxdursa da. Mən hesab edirəm ki, məcburi köçkünlər onu normal qəbul edəcək. Bəli, çətinliklə yaşayanlar var, amma bu, elin işidir. Ölkə rəhbərinin qəbul etdiyi qərarı bizim müzakirə etməyimizə ehtiyac yoxdur. Çünki ölkə rəhbəri hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşır.
O müavinət kəsilərsə, başqa bir yerdən, yəqin ki, bu insanlara onu əvəz edə biləcək şərait yaradılacaq. Amma, əlbəttə ki, bunun bir sonu olmalıdır. Bu da ərazilərin qaytarılmasından keçir. Qaçqın və köçkünlər arasında dolanışıq sarıdan problemi olanların sayı çox azdır. Ancaq bu adamların mənzilə ehtiyacı var. Mənzillə təmin olunandan sonra bu adamlara nə güzəşt lazımdır, nə başqa şey. Çünki onlar hamısı qoçaq adamlardır, çalışırlar. Hətta özlərinə gözəl şərait, biznes quran adamlar var, Allah artıq eləsin".
BAKU.WS
Oxşar xəbərlər
Daha məcburi köçkün uşaqlarına yemək xərci verilməyəcək
"Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”da edilən dəyişikliklər bu gündən qüvvəyə minib....