Bu bijuteriyalar sağlamlıq üçün təhlükəlidir - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ

Bu bijuteriyalar sağlamlıq üçün təhlükəlidir - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Sosial 39

Son illərdə aksessuarlara marağın artması ilə paralel olaraq bijuteriyadan istifadə də geniş yayılıb. Lakin mütəxəssislər bildirirlər ki, xüsusən keyfiyyətsiz və ucuz bijuteriyalar qadın sağlamlığı üçün bir sıra risklər yarada bilər.

BAKU.WS xəbər verir ki, dermatoloqların sözlərinə görə, bijuteriyaların böyük bir qismi nikel tərkibli olur. Bu metal dəridə allergik reaksiyalara səbəb olaraq qaşınma, qızartı, səpkilər və hətta şişkinlik yarada bilər.

Ən çox risk altında olan nahiyələr isə qulaq deşikləri, boyun və biləklərdir.

Digər təhlükə isə gigiyena ilə bağlıdır. Uzun müddət qulaqdan çıxarılmayan sırğa, üzük və boyunbağılar dəridə tər və çirk yığılmasına şərait yaradır. Bu isə bakterial və göbələk infeksiyalarının inkişafına səbəb ola bilər.

Xüsusilə sırğaları mütəmadi təmizləmədikdə iltihab riski artır.

Araşdırmalar göstərir ki, bəzi keyfiyyətsiz bijuteriyalarda qurğuşun və kadmium kimi zəhərli ağır metallara da rast gəlinir. Uzunmüddətli təmas zamanı bu maddələr dəridə problemlər yarada, nadir hallarda isə ümumi sağlamlığa mənfi təsir göstərə bilər.

Mütəxəssislər həmçinin bildirirlər ki, bəzi ucuz metal örtüklərin hormonal sistemə təsiri ilə bağlı ehtimallar mövcuddur. Bu səbəbdən hamilə qadınlara bijuteriyadan istifadə edərkən daha diqqətli olmaları tövsiyə olunur. Bundan başqa, ağır və iri ölçülü aksessuarlar mexaniki zədələrə də yol aça bilər.

Belə bijuteriyalar qulaq deşiyini genişləndirə, dərini cıra və ya sıxa bilər. Yatarkən aksessuarların çıxarılmaması isə əlavə risk yaradır.

Mütəxəssislər zərərin qarşısını almaq üçün nikel tərkibsiz, hipoallergen məhsullara üstünlük verilməsini, bijuteriyaların duşda və yatarkən çıxarılmasını, həmçinin dəridə hər hansı narahatlıq hiss edildikdə istifadənin dərhal dayandırılmasını tövsiyə edirlər.

Son xəbərlər