Bakıda məşhur gimnaziyada nə baş verir? - Rüşvət, bullinq iddialarına CAVAB GƏLDİ
Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyası ilə bağlı valideynlərin çoxsaylı şikayətləri ictimai narahatlıq yaradıb.
İddialara görə, təhsil ocağında bullinq, psixoloji təzyiq, ayrı-seçkilik və hətta korrupsiya halları müşahidə olunur.
BAKU.WS-in məlumatına görə, valideynlər Musavat.com-a bildiriblər ki, bəzi müəllim və rəhbər şəxslər tərəfindən şagirdlərə qarşı qeyri-pedaqoji davranışlar sərgilənir, uşaqlar arasında ayrı-seçkilik edilir və bu da onların psixoloji vəziyyətinə mənfi təsir göstərir.
Eyni zamanda, bəzi şagirdlərin əsassız ittihamlarla hədəf seçildiyi, valideynlər arasında isə qarşıdurma və təzyiq mühitinin formalaşdığı iddia olunur. Ayrı-ayrı valideynlər məktəb rəhbərliyinə edilən müraciətlərin nəticəsiz qaldığını, əksinə problemlərin daha da dərinləşdiyini deyirlər. Səsləndirilən ittihamlar arasında qeyri-rəsmi pul yığımı və müxtəlif inzibati qərarların şəffaf olmaması da yer alır.
Mövzu ilə bağlı Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyası ilə əlaqə saxladıq və baş verənlərə münasibət öyrəndik. Gimnaziyanın tədris işləri üzrə direktor müavini Zeynəb Cəfərova ilə BAKU.WS-ə açıqlamasında səsləndirilən ittihamlara münasibət bildirərək yayılan məlumatların qərəzli və əsassız olduğunu qeyd edib.
Onun sözlərinə görə, gimnaziyada rüşvət və ya bullinq hallarının olması ilə bağlı iddialar reallığı əks etdirmir və bu cür iddialar təhsil ocağının nüfuzuna xələl gətirmək məqsədi daşıyır:
"Tam əsassız iddialar səsləndirilib. Əvvəla, "gimnaziyada rüşvət" və ya "gimnaziyada bullinq" kimi başlıqlar son dərəcə qərəzli və biabırçı yanaşmadır. Bu, reallığı əks etdirmir.
Gimnaziyanı cəmiyyət yaxşı tanıyır. Məzunlarımız, hazırda burada təhsil alan şagirdlər, valideynlər və müəllimlər bu təhsil ocağının fəaliyyətindən xəbərdardır. Burada rüşvətdən söhbət belə gedə bilməz. Əksinə, bu müəssisə tədris keyfiyyətinə görə öndə olan məktəblərdən biridir.
"Bullinq" iddiasına gəldikdə isə, bu anlayışın kimə qarşı və hansı əsasla səsləndirildiyi də aydın deyil. Konkret olaraq bir valideynin iddiaları əsasında belə ümumi və ağır ittihamların irəli sürülməsi doğru deyil".
Cəfərova vurğulayıb ki, şikayətlərin əsas mənbəyi kimi təqdim olunan valideynin özü daha əvvəl müxtəlif tələblərlə çıxış edib, hətta müəyyən hallarda qeyri-rəsmi yollarla təsir göstərməyə çalışıb:
"Söhbət konkret bir valideyndən gedir. Həmin şəxs bir neçə dəfə mənə yaxınlaşaraq müxtəlif xahişlər edib. Hətta bir dəfə açıq şəkildə rüşvət təklif edib. Mən isə qəti şəkildə imtina etmişəm. Digər bir halda isə bayram ərəfəsində böyük hədiyyələr gətirilib, onları da geri qaytarmışam. Bu addımlarımın səbəbi prinsipial mövqeyimdir – burada heç bir qeyri-qanuni münasibətə yol verilmir.
Həmin valideynin əsas istəyi övladına xüsusi güzəştlər edilməsidir. O, açıq şəkildə bildirirdi ki, uşağın davranışlarına göz yumulmalı, ona xüsusi şərait yaradılmalıdır. Lakin bu mümkün deyil. Çünki gimnaziyada bütün şagirdlər üçün eyni qaydalar tətbiq olunur.
Əgər hər hansı şagird tərəfindən qayda pozuntusu baş verirsə, dərhal tədbir görülür. Heç kimə fərdi imtiyaz verilmir. Təhsil prosesi müəyyən nizam-intizam çərçivəsində həyata keçirilir".
O, həmçinin bəzi iddiaların şişirdildiyini və məktəbdəki real vəziyyəti əks etdirmədiyini deyib:
"Təəssüf ki, qeyd olunan şagirdlə bağlı ciddi problemlər olub. Dərslərə davamiyyət zəif olub, dərs zamanı qaydalara riayət edilməyib, müəllimlərin xəbərdarlıqlarına məhəl qoyulmayıb. Bu vəziyyət ibtidai siniflərdən başlayaraq formalaşıb və sonrakı mərhələdə daha ciddi çətinliklər yaradıb.
Bütün bunlara baxmayaraq, biz hər zaman qaydalara sadiq qalmağa çalışmışıq. Lakin həmin valideyn tərəfindən davamlı təzyiq, əsassız şikayətlər və hətta müəllimlərin hüquq-mühafizə orqanlarına verilməsi kimi hallar baş verib. Bu isə artıq normal çərçivəni aşan davranışdır.
Mediada yayılan material da məhz bu şəxsi narazılıq zəminində hazırlanmış, birtərəfli və qərəzli yazıdır. Təəssüf doğuran məqam odur ki, qarşı tərəfin mövqeyi öyrənilmədən belə ittihamlar dərc olunub".
Zeynəb Cəfərova əlavə edib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunub və yayılan məlumatların hüquqi qiymət alması üçün addımlar atılır:
"Qeyd etmək istəyirəm ki, mən 27 ildir pedaqoji fəaliyyətlə məşğulam. Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə ilə bitirmişəm və hazırda filologiya üzrə fəlsəfə doktoruyam. Uzun illərdir bu sahədə çalışıram və həm müəllim, həm də rəhbər kimi fəaliyyətim hər kəsə məlumdur.
Bu səbəbdən mənə qarşı səsləndirilən iddialar tamamilə əsassızdır və qəbulolunmazdır.
Biz artıq məsələ ilə bağlı müvafiq qurumlara müraciət etmişik. Məqsədimiz həqiqətin ortaya çıxarılması və həm mənim, həm də təhsil müəssisəsinin nüfuzunun qorunmasıdır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar qəbul edilib
Milli Məclis terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cəzaları son oxunuşda qəbul edib. BAKU.WS report-a istina...