Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Metro stansiyalarında sərnişinlərin gündəlik tələbatını qarşılayan müxtəlif satış və xidmət məntəqələrinin fəaliyyət göstərməsi həm sərnişinlər üçün əlavə imkan yarada, həm də metropoliten üçün yeni gəlir mənbələrinin formalaşmasına şərait yarada bilər.
BAKU.WS-in məlumatına görə, stansiyaların sərnişin axınının yüksək olduğu ərazilərində mövcud sahələrdən kommersiya məqsədləri ilə istifadə olunması metropolitenin əlavə qazanc əldə etməsi baxımından diqqət çəkir.
Bu istiqamətdə satış, xidmət və digər kommersiya obyektlərinin fəaliyyəti üçün uyğun sahələrin müəyyənləşdirilməsi metropolitenin qeyri-daşınma gəlirlərinin artırılmasına imkan verə bilər.
Belə gəlirlərin əldə olunması yalnız stansiyalardakı obyektlərlə məhdudlaşmır. Metropolitenin malik olduğu müxtəlif sahələrin, reklam imkanlarının və digər kommersiya resurslarının səmərəli istifadəsi də əlavə maliyyə mənbələrinin yaradılması baxımından əhəmiyyət daşıyır.
Maraqlıdır ki, metro stansiyalarının ərazisində müxtəlif obyektlərin, o cümlədən satış və xidmət məntəqələrinin fəaliyyət göstərməsi ilə bağlı gələcək üçün hər hansı planlar nəzərdə tutulurmu?
"Bakı Metropoliteni" QSC-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, mövcud stansiyalarda satış obyektlərinin fəaliyyətinin hərəkət təhlükəsizliyinə xələl gətirməməsi, xüsusilə giriş-çıxış sahələrində əlavə sıxlıq yaratması və sərnişinlərin maneəsiz hərəkətini çətinləşdirməsi yolverilməzdir:
"Bu səbəbdən həmin sahələrdə sərnişin axınının təhlükəsiz və rahat təşkili prioritet olaraq qalır. Qeyd edilənlər əsas götürülməklə metropoliten ərazisində müxtəlif kommersiya fəaliyyəti həyata keçirilir. Eyni zamanda, məhz həmin tələbə ziddiyyət təşkil etmədən qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni icarə sahələrinin istifadəyə verilməsi və əlavə gəlir imkanlarının yaradılması istiqamətində müvafiq işlər davam etdirilir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycanda 2 istehsal obyektində aksizli mallara dair pozuntular aşkarlanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti aksizli malların dövriyyəsinə nəzarət tədbirləri çərçivəsində Bakı şəhərinin Suraxanı rayonunda və Abşeron r...