Bakıda gözdən əlillər üçün binanın sağlam şəxslərə satılması ilə bağlı qalmaqal
"Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev vəzifəyə gələn gündən birliyin bütün əmlakını dağıdıb. Cəmiyyətə məxsus obyektləri, gözdən əlillər üçün tikilən evləri naməlum şəxslərə satıb”. BAKU.WS-in məlumatına görə, bu barədə cəmiyyətin üzvləri keçirdikləri mətbuat konfransında bildiriblər. Tədbirdə çıxış edən cəmiyyətin üzvü Kifayət Mürsəliyeva bildirib ki, cəmiyyətin balansında olan istehsal müəssisələri, klublar, mədəniyyət evləri qanunsuz olaraq mülki şəxslərə satılıb. Bakı şəhər icra hakimiyyəti tərəfindən AÇƏC üçün inşa olunmuş binada cəmiyyətin üzvləri olmayan sağlam şəxslər saxta sənədlərlə mənzillər alıblar. Aidiyyəti orqanlara dəfələrlə müraciət olunmasına baxmayaraq heç bir tədbir görülməyib. "Balayev Tofiq adlı şəxs ev qeydiyyatına 2009-cu ildə durub. Üstündən bir neçə il keçib, ona ev veriblər. Amma cəmiyyətdə 1999-cu ildən qeydiyyatda duran əlillər var ki, onlara ev verilmir”, - deyə Kifayət Mürsəliyeva vurğulayıb. Cəmiyyətin üzvü, I qrup gözdən əlil Sübhan Məmmədov də bildirib ki, ev qeydiyyatına 2002-ci ildən dayanıb. Dəfələrlə onun növbəsi pozulub və ondan neçə il sonraq qeydiyyata dayanan şəxslərə ev verilib. "Bununla bağlı Səmiyar Abdullayevin yanında oldum. Mənə dedi ki, "sənin atana borcum yoxdur ki, ev verim”. Məni təhqir etdi və otağından qovdu”, - deyə Sübhan Məmmədov şikayətlənib. Tədbirdə çıxış edən gənc əlil Elvira Ömərova bildirib ki, internatı bitirdikdən sonra uzun müddət yataqxanada qalıb. Lakin yataqxana əlillər üçün yaşayış binası tikilmək üçün sökülüb. Həmin gündən sonra o, qeyri-yaşayış məntəqəsinə yerləşdirilib. Elvira Ömərova deyir ki, hazırda subay olduğu üçün evlə təmin edilməyib.
"Səmiyar Abdullayevin yanında oldum. Mənə dedi ki, biz subaylara ev vermirik. İndi nə etməliyəm? Ev almaq üçün evlənməliyəm?”, - deyə Elvira Ömərova şikayətlənib. Məsələyə aydınlıq gətirmək üçün cəmiyyətin sədri Səmiyar Abdullayevlə əlaqə saxladıq. Səmiyar Abdullayev BAKU.WS-ə açıqlamasında bildirdi ki, bütün bu deyilənlər reallığı əks etdirmir: "Bir qrup şəxs tərəfindən öyrədilmiş bu insanlar maddi məqsəd güdürlər. Cəmiyyətin ünvanına qarşı söylənilən fikirlərlə razılaşmıram. Biz hər il Maliyyə və Ədliyyə Nazirliklərinə hesabat veririk. Prokurorluğun göstərişi ilə cəmiyyətimizdə Auditorlar Palatası tərəfindən 2 dəfə yoxlama aparılıb, heç bir nöqsan aşkar olunmayıb. Cəmiyyətimiz üçün 132 mənzilli bina tikilir ki, bu da dövlətin bizə göstərdiyi diqqətin nəticəsidir. Hal hazırda AÇƏC-in 30 minə yaxın üzvü var ki, onların çox hissəsi cəmiyyətin işindən razıdır”.
Oxşar xəbərlər
İlham Əliyev Nazirlər Kabinetinə tapşırıqlar verdi
Azərbaycan Respublikası Prezidenti "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezide...