Azərbaycanda “Bal” dövlət standartı qəbul edilib

Azərbaycanda “Bal”  dövlət standartı qəbul edilib
Sosial 1131

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS 849-2016 "Bal”  dövlət standartı təsdiq edilib.

SMPDK-dan BAKU.WS-ə verilən məlumata görə, bu standart emala verilən və  bilavasitə istifadə üçün nəzərdə tutulan bütün bal növlərinə və sənayedə tətbiqi üçün və ya digər qida məhsullarının inqrediyenti kimi istifadəsi üçün nəzərdə tutulan bal növlərinə aiddir. 

Standarta əsasən satışa buraxılan təmiz balın tərkibində, baldan başqa heç bir digər yeyinti inqrediyenti, o cümlədən qida əlavələri və ya başqa əlavələr olmamalıdır. Həmçinin balın tərkibində heç bir kənar maddələr, onun emalı prosesində və saxlanması nəticəsində digər elementlərin təsirindən əmələ gələn iy, dad, qarışıqlar olmamalıdır. Standarta əsasən bal fermentasiya və qıcqırmaya məruz qalmamalıdır. Balı onun əsas tərkibinin dəyişəcəyi və ya keyfiyyətinin aşağı düşəcəyi qədər qızdırmaq və ya emal etmək olmaz. Habelə balın kristallaşmasına təsir etmək məqsədi ilə kimyəvi və ya biokimyəvi emalı tətbiq etmək olmaz və bal insan sağlamlığı üçün təhlükə yarada biləcək miqdarda ağır metallardan azad olmalıdır.

Məlumat üçün bildirək ki, təbii bal bal verən arıların çiçəklərin nektarından, həmçinin bitkilərin yarpaq və saplaqlarından topladıqları şirədən və yapışqanlı şirin mayedən istehsal etdiyi, təbii şirin məhsuldur.

Standart Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün təqdim edilib.

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər