"Azəriqaz"dan qaz sayğacları ilə bağlı AÇIQLAMA
Bakıda bəzi smart-kart tipli qaz sayğacları mexaniki sayğaclarla dəyişdirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib.
Onun sözlərinə görə, dövlət yoxlanışı müddəti çatmış smart tipli sayğaclar mexaniki sayğaclarla dəyişdirilir:
“Smart-kart tipli sayğacların dövlət yoxlanışı olduğu üçün qaydalara görə, 5 ildən bir əhali abonent qrupunda sayğaclar dövlət yoxlanışına gedir. Sənaye obyektlərində quraşdırılan və qeyri-əhali qrupunda olan sayğaclar isə dövlət yoxlanışına 3 ildən bir aparılır.
Smart-kart tipli sayğac abonentin ünvanından çıxarılıbsa, yerinə mexaniki sayğaclar quraşdırılır. İlin əvvəlində də elan etmişdik ki, bu il vəsaitlərimizə yenidən baxmışıq və məlum oldu ki, smart-kart tipli sayğacların alışı bizə sərfəli deyil. Hesabladıqda məlum olur ki, valyutanın gündəlik məzənnələrindən asılı olaraq təqribən 3 dəfəyədək baha başa gəlir”.
C.Səfərov qeyd edib ki, əhali arasında başa düşülməsin ki, bu, köhnə dövrün sayğaclarıdır:
“Mexaniki sayğacların da yenisi alınır və Almaniyanın "Zenner" şirkətinin istehsalıdır. Heç kəs düşünməsin ki, smart-kart tipli sayğacların yerinə 5-10 il əvvəlki sayğaclar quraşdırılır. Tam yenidir və mexaniki sayğacın üstünlüyü ondan ibarətdir ki, onlayn ödəniş də həyata keçirmək mümkündür”.
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi bildirib ki, o vaxtlar insanlar ödəmə ilə bağlı bəzi problemlər yaşayırdılar:
“Biz smart-kart tipli sayğacları alıb quraşdırdıq ki, insanlar tədricən buna alışsın. Artıq mexaniki sayğacda da ödəmə faizləri 100 faiz təşkil edir. Ona görə də biz böyük vəsait sərf etmədən mexaniki sayğaca üstünlük vermişik. Ancaq bu, o anlama gəlməsin ki, biz smart tipli sayğaclar almayacağıq.
Smart-kart tipli sayğacların alışını bu il də davam etdirəcəyik. Ona görə ki, yeni tikilən yaşayış binalarında yalnız smart-tipli sayğacların qoyuluşu mümkündür. Mexaniki olsa, onun hər ay göstəricisinə baxmaq üçün biz abonenti narahat etmiş olarıq”.
Oxşar xəbərlər
“Azəriqaz”dan əhaliyə 10 manatlıq pulsuz qaz verilməsi xəbərinə CAVAB
Dünən gecə saatlarından smart-kartlara ödəniş terminallarında əlavə 10 manat vəsaitin hədiyyə edilməsi ilə bağlı insanların kütləvi aldadılması halları aşkarlan...