Azərbaycanda motosiklet QAYDALARI, CƏRİMƏLƏR...

Motosiklet sürücüləri üçün tətbiq olunan qaydalar dünya üzrə ciddi fərqlilik göstərir. Avropa ölkələrində kaskadan istifadə, qoruyucu geyim, reflektorlu jilet və gündüz LED işığı daim yanılı vəziyyətdə saxlamaq qanunla məcburidir. Məsələn, Almaniya, Fransa və İtaliya kimi ölkələrdə təsdiqlənmiş qoruyucu kaskadan istifadə etməyən sürücülərə yüksək cərimələr tətbiq olunur. Hətta bəzi ölkələrdə motosikletçilərin qoruyucu əlcəkdən istifadə etməsi də şərtdir. Bundan başqa, bir çox Avropa dövlətində sürücülər reflektorlu jilet geyinməli, ön və arxa işıqları daim yanılı vəziyyətdə saxlamalıdırlar.
BAKU.WS-in araşdırmasına görə, ABŞ və Kanada isə bu məsələdə fərqli yanaşır. ABŞ-də qaydalar ştatlara görə dəyişir: bəzi ştatlarda kaska məcburidir, digərlərində isə sürücülərin seçimi nəzərdə tutulur. Kanadada isə kaska bütün ölkə üzrə mütləqdir və qayda pozuntularına görə ciddi cərimələr tətbiq olunur. Asiya və Latın Amerikası ölkələrində də oxşar qaydalar mövcuddur, lakin tətbiq səviyyəsi bəzən zəifdir. Məsələn, Hindistan və Pakistan kimi ölkələrdə kaska istifadəsi qanunla tələb olunsa da, çox vaxt bu qayda pozulur. Çin və Rusiyada isə qaydalar regionlardan asılı olaraq dəyişir.
Azərbaycanda isə motosiklet sürücüləri üçün təhlükəsizlik qaydaları qanunla tənzimlənir. Hər bir sürücü təhlükəsizlik kaskası taxmalı və nəqliyyat vasitəsini reflektor elementi ilə təchiz etməlidir. Bu tələblərə əməl etməyən sürücülərə cərimələr tətbiq olunur. Moped, velosiped və A1 kateqoriyalı yüngül motosikletlər üçün minimum sürücülük yaşı 16-dır, bütün növ motosikletlər üçün isə A kateqoriyası tələb olunur və yaş həddi daha yüksəkdir. Sürücülər işıqlı vaxtda belə faralarını yanıq vəziyyətdə saxlamalıdırlar.
Azərbaycanda motosiklet sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməlidirlər, yoxsa sərt cərimələrlə üzləşirlər. Yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinə əməl etməyən sürücülər 40 manat cərimə ödəyir. Svetofor və ya nizamlayıcının qadağanedici işarəsinə baxmayaraq hərəkət edənlər 100 manat və 3 bal, "Giriş qadağandır" nişanını pozan və ya əks istiqamətə çıxanlar 150 manat və 4 bal, avtomagistrallarda sürət həddinə əməl etməyən və sürmə təlimi qaydalarını pozanlar 100 manat və 4 bal, yol-nəqliyyat hadisəsi yerindən yayınan sürücülər isə 100 manat və 4 bal cərimə ilə üzləşirlər.
Bundan əlavə, bir il ərzində 20 və daha çox bal toplayan sürücülərin idarəetmə hüququ altı ay müddətinə məhdudlaşdırılır. Qayda pozuntusu nəticəsində insan sağlamlığına yüngül bədən xəsarəti yetirilərsə, sürücülər 200 manat cərimə ödəyə və ya bir ilədək sürücülük hüququndan məhrum edilə bilərlər. Bu qaydalar motosikletçilərin təhlükəsizliyini artırmaq və yol qəzalarının qarşısını almaq məqsədilə tətbiq olunur.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Toğrul Nəsirli BAKU.WS-ə açıqlamasında bildirib ki, əsas məsələ inzibati məsuliyyətə cəlb etmək deyil. Avtomobilə aid olan bütün cərimələr motosiklet sürücülərinə də şamil olunur və 800 manatadək cərimə tətbiq edilə bilər. O, vurğulayıb ki, motosiklet sürücüləri avtomobil sürücüləri kimi qaydalara riayət etməli və işıqforların, nizamlayıcı siqnallarının tələblərinə diqqət yetirməlidirlər.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Daha bir YENİLİK OLACAQ
Metroda eskalatorların fasiləsiz işləməsi üçün həm texniki baxışların vaxtında aparılması, həm də avadanlığın yenilənməsi vacibdir. BAKU.WS xəbər verir ki, mütə...
