Azərbaycanda dəmiryol vağzallarının layihələndirmə normaları təsdiqlənib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Dəmiryol vağzalları. Layihələndirmə normaları"nı təsdiqləyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.
Qərara əsasən, bu normalar yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan dəmiryolu vağzallarının layihələndirilməsinə, habelə onların bölmələrinin təşkilinə, torpaq sahələrində yerləşdirilməsinə dair tələbləri müəyyən edəcək. Ancaq normalar mövsümi istifadə üçün nəzərdə tutulan vağzalların, sərnişin pavilyonlarının, digər bina və tikililərin layihələndirilməsinə şamil edilməyəcək.
Bundan başqa, vağzal kompleksləri sərnişin–nəqliyyat əlaqəsindən asılı olaraq göstərdikləri xidmətlərə görə aşağıdakılara bölünəcək:
- beynəlxalq;
- şəhərlərarası;
- şəhərətrafı;
- bir neçə xidmət tiplərinin əlamətlərini özündə daşıyan birləşmiş.
Göstərdiyi xidmətin mürəkkəbliyi və həcmindən asılı olaraq vağzallar dörd sinfə bölünəcək:
- yüksək sinif;
- I sinif;
- II sinif;
- III sinif.
Vağzal komplekslərinə aşağıdakı məcburi elementlər daxil edilməlidir:
- dəmiryol stansiyasına bitişik olan vağzalətrafı meydan və ya ərazi;
- platforma (platformalar) və ya platformalarla birgə sərnişin perronu;
- vağzalın bir və ya daha artıq sərnişin binası (bundan sonra vağzal adlandırılacaq).
Həmçinin vağzal kompleksində birdən az olmayaraq əlilliyi olan şəxslər üçün uyğunlaşdırılmış kassalar nəzərdə tutulmalıdır.
Layihə tapşırığına əsasən vağzalətrafı meydanda əlavə olaraq aşağıdakılar təmin edilməlidir:
- sərnişinlərin minib-düşməsi üçün ictimai nəqliyyat vasitəsinin dayanacaq məntəqələri zonası;
- nəqliyyat vasitələrinin (avtomobil, motosiklet, moped, velosiped və s.) qısamüddətli dayanma zonası;
- ictimai nəqliyyatın dayanacağı;
- taksi dayanacaqları və (və ya) zonaları;
- velosiped duracaqları;
- şəxsi avtomobillər üçün dayanacaq;
- sərnişinlərin avtomobillərinin uzunmüddətli saxlanılması üçün dayanacaq;
- xidmət personalının avtomobillərinin dayanacağı.
Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə və Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Oxşar xəbərlər
Mövsüm keçidində immuniteti necə gücləndirmək olar? – Mütəxəssislərdən tövsiyələr
Mövsüm dəyişikliyi ilə əlaqədar olaraq orqanizmin zəifləməsi və xəstəliklərə yoluxma riskinin artması müşahidə olunur. Xüsusilə yaz aylarında temperatur fərqlil...