Azərbaycanda bu xəstələr üçün 17 milyon manatlıq dərman alınacaq

Azərbaycanda bu xəstələr üçün 17 milyon manatlıq dərman alınacaq
Sosial 105

Azərbaycanda hemofiliya xəstələrinin müalicəsinin təmin edilməsi məqsədilə dərman vasitələri satın alınacaq.

BAKU.WS-in Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzindən əldə etdiyi məlumata görə, satınalma "Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı" çərçivəsində nəzərdə tutulub.

Layihə üzrə ehtimal olunan ümumi məbləğ 16 milyon 993 min manat təşkil edir. Satınalma çərçivəsində hemofiliya xəstələrinin müalicəsində istifadə olunan qanın laxtalanma faktorları – VIII və IX faktor tərkibli dərman vasitələrinin alınması nəzərdə tutulur.

Siyahıya müxtəlif dozada təqdim olunan preparatlar, o cümlədən "Oktanat", "Novoeyt", "Nuvig" və "Oktanin F" kimi dərman vasitələri daxildir.

Qeyd edək ki, hemofiliya irsi qan xəstəliyi hesab olunur və bu xəstəlik zamanı qanın laxtalanma prosesi pozulduğu üçün xəstələrdə müxtəlif qanaxma halları müşahidə edilir. Dövlət proqramı çərçivəsində həmin xəstələrin dərman təminatı mütəmadi olaraq həyata keçirilir.

Son xəbərlər