Azərbaycanda bu rayonlar üzrə həkim çatışmazlığı müşahidə olunub - RƏSMİ
"Bölgələrimizdə həkim çatışmazlığı mövcuddur, problemin həlli istiqamətində daimi olaraq işlər görülməkdədir. Bu istiqamətdə görülən işlərə dair Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq işə qəbul prosesi tam rəqəmsallaşdırılaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində bütün vakant iş yerləri elektron portal üzərindən namizədlərə şəffaf şəkildə təqdim edilməklə onların mövcud vakansiyalara müraciət hüququ təmin olunmasını qeyd etmək olar".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, dövlət tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması, tibb müəssisələrində çalışan tibb və qeyri-tibb işçilərinin ixtisaslarının artırılması, tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eyni zamanda əhalinin icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi məqsədilə "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs tərəfindən "Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2023-2024-cü illər üçün Proqram" layihəsi həyata keçirilib:
"Bu layihə çərçivəsində müxtəlif ixtisaslar üzrə işə qəbul olunan 68 həkim-mütəxəssis (uzman) tabeliyimizdəki Abşeron Rayon Mərkəzi Xəstəxanası, Biləsuvar Rayon Mərkəzi Xəstəxanası, Şəki Rayon Mərkəzi Xəstəxanası, Şəmkir Rayon Mərkəzi Xəstəxanası, Samux Rayon Mərkəzi Xəstəxanası, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Kürdəmir Şəhər Mərkəzi Xəstəxanası, Quba Rayon Mərkəzi Xəstəxanası, Nərimanov Tibb Mərkəzi, Respublika Perinatal Mərkəzi, Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Müəssisəsində işə qəbul edilib. Həmin həkim-mütəxəssislər daha çox tələbat olan cərrahi və radioloji profilli, terapevtik və pediatrik profilli ixtisaslar üzrə cəlb olunublar.
Strateji hədəflərimizə uyğun olaraq, Azərbaycan Tibb Universitetinin tələbələrinin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsi, onlara özlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması, tələbələr üçün maliyyə dəstəyi və sosial təminatın göstərilməsi, tibb müəssisələrində orta tibb heyəti ilə bağlı mövcud boşluqların qismən aradan qaldırılması və gənc həkim mütəxəssislərin ölkə səhiyyəsinə qazandırılması üçün TƏBİB, Azərbaycan Tibb Universiteti ilə də əməkdaşlıq edir.
Birgə həyata keçirilən layihə nəticəsində 2023-2024-cü illər ərzində Azərbaycan Tibb Universitetinin 231 tələbəsi TƏBİB-in 13 tabeli tibb müəssisəsində işlə təmin olunub. Belə ki, sözügedən ali təhsil müəssisəsinin yuxarı kurs tələbələri təcrübə keçmək üçün tibb müəssisələrimizə cəlb olunur və daha sonra isə orta tibb işçisi kimi işlə təmin olunurlar. Qeyd edək ki, tələbələr tərəfindən layihəyə çox böyük maraq göstərilmişdir".
Həmçinin qeyd edilib ki, "Könüllü TƏBİB" layihəsi isə gənclərin tibb sahəsində könüllülük fəaliyyətini inkişaf etdirmək məqsədilə planlaşdırılıb:
"Layihənin əsas məqsədi gənclərin erkən əmək fəaliyyətinə cəlb olunmasını təmin etməklə onların peşəkar bacarıqlarını artırmaq, gələcəkdə təhsilini başa vurduqdan sonra TƏBİB-in tabeliyindəki tibb müəssisələrində fəaliyyət göstərmələri üçün maraqlarını yüksəltmək və adaptasiya prosesini asanlaşdırmaqdır.
Layihəyə ilk olaraq Bakı şəhəri üzrə 2023-cü ilin may ayında 2 nömrəli Bakı Baza Tibb Kollecində başlanılmış və 193 tibb kolleci tələbəsi layihənin ilk iştirakçıları olmuşdur. Uğurlu nəticələrə əsaslanaraq layihə Sumqayıt, Lənkəran, Quba, Cəlilabad, Mingəçevir və Gəncə şəhərlərində də tətbiq edilmişdir. 2024-2025-ci illər ərzində isə regionlar üzrə layihəyə 116 tibb kolleci tələbəsi cəlb olunub.
Gənc mütəxəssislərin bölgələrdə çalışmasına marağı artırmaq üçün maddi stimullaşdırıcı mexanizmləri daha da gücləndirilib. Həkimlər hazırda yalnız vəzifə maaşına deyil, həm də fəaliyyət göstəricilərinə görə əlavə gəlir əldə edirlər. Eyni zamanda gələcəyə hesablanmış çox vacib addımlar atılır.
Belə ki, Bakı şəhəri və regionlarda kadr təminatı rezidentura təhsilini başa vurmuş tibb mütəxəssislərinin təyinatı hesabına da təşkil olunur. Xaricdə təhsil almış mütəxəssislərin yüksək əmək haqqı qarşılığında tabeli tibb müəssisələrimizdə əmək fəaliyyətinə cəlb olunması prosesi davam etdirilir. Bundan əlavə, Bakıda əmək fəaliyyətinin son yaş həddinə çatmış, lakin yüksək təcrübəyə malik həkimlərin regionlarda fəaliyyətini davam etdirməsi üçün yeni bir mexanizm tətbiq edirik. Qarşılıqlı razılığa əsaslanan bu yanaşma bölgələrdə peşəkar potensialın gücləndirilməsinə mühüm töhfə verir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Kombilərdə tezt-tez yaranan PROBLEMLƏR - Bu yolla düzəltmək olar
Payız-qış mövsümündə mənzillərdə istilik tələbatı artır və bu dövrdə ən çox istifadə olunan qurğulardan biri də kombi sistemləridir. BAKU.WS-in məlumatına görə...