Azərbaycana gələn birgünlük ziyarətçilərin sayı artıb – Əksəriyyəti tranzit sərnişinlərdir

Azərbaycana gələn birgünlük ziyarətçilərin sayı artıb – Əksəriyyəti tranzit sərnişinlərdir
Sosial 41

Bu ilin yanvar-may aylarında Azərbaycana turizm məqsədilə səfər edən 564 min 237 turistdən 16 min 800-ü birgünlük ziyarətçi olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında yer alıb.

Məlumata görə, birgünlük ziyarətçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29,7 faiz artıb. Onların 14 min 381 nəfəri və ya 85,6 faizi Azərbaycandan tranzit keçid məqsədilə istifadə edib.

Hesabat dövründə ölkəyə işgüzar məqsədlə 824 nəfər, qohum və dostlarını ziyarət etmək üçün 808 nəfər, istirahət və əyləncə məqsədilə isə 664 nəfər gəlib. Bundan əlavə, 68 nəfər alış-veriş, 55 nəfər isə dini ziyarət üçün Azərbaycana səfər edib.

Ölkələr üzrə statistikaya əsasən, ən çox birgünlük ziyarətçi "digər ölkələr" kateqoriyasının payına düşüb – 7 502 nəfər. Sonrakı yerlərdə 5 040 nəfərlə Rusiya, 3 398 nəfərlə Türkiyə, 745 nəfərlə Gürcüstan və 115 nəfərlə İran qərarlaşıb.

Rusiya vətəndaşlarından 4 159 nəfər, Türkiyə vətəndaşlarından isə 2 459 nəfər Azərbaycandan tranzit marşrut kimi istifadə edib.

Yanvar-may aylarında birgünlük ziyarətçilərin ölkədə ümumi xərcləri 7 milyon 59,9 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,7 faiz çoxdur. Xərclərin əsas hissəsi – 5 milyon 666,3 min manatı və ya 80,3 faizi nəqliyyat xidmətlərinə yönəlib.

Bundan başqa, ziyarətçilər malların və hədiyyələrin alınmasına 819,3 min manat, qidalanmaya 549,9 min manat, mədəniyyət xidmətlərinə 3,6 min manat, idman və əyləncə xidmətlərinə 2,1 min manat, digər istiqamətlərə isə 18,7 min manat xərcləyiblər.

Ölkələr üzrə ən yüksək xərc "digər ölkələr" kateqoriyasından gələn ziyarətçilərə məxsus olub – 3 milyon 980,5 min manat. Rusiya vətəndaşları Azərbaycanda 1 milyon 901,9 min manat, Türkiyə vətəndaşları 865,4 min manat, Gürcüstan vətəndaşları 263,6 min manat, İran vətəndaşları isə 48,5 min manat xərcləyiblər.

Beləliklə, statistik göstəricilər bir daha göstərir ki, Azərbaycana gələn birgünlük ziyarətçilərin böyük əksəriyyəti ölkədən tranzit marşrut kimi istifadə edir və onların əsas xərcləri nəqliyyat sahəsinin payına düşür.

Qeyd edək ki, cari ilin yanvar-may aylarında Azərbaycana ümumilikdə 175 ölkədən 658,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər