Azərbaycan şəhidlər verir - Bəzi kanallar çal-çağırdan qalmır - MTRŞ məsələyə aydınlıq gətirdi

Azərbaycan şəhidlər verir - Bəzi kanallar çal-çağırdan qalmır - MTRŞ məsələyə aydınlıq gətirdi
Sosial 5139

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu şəhid olub.

BAKU.WS xəbər verir ki, dünən axşama doğru hərbçilərimizin şəhid olması barədə xəbərlər gəldikdən sonra ölkədə qürurverici hadisələr baş verdi. Belə ki, işğalçı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Tovuz rayonu ilə sərhəddə yaşanan insidentdən sonra bir qrup rayon sakini ordumuza dəstək məqsədi ilə düşmənlə sərhədə yollanıb.

Sadə vətəndaşların düşmənə cavab vermək üçün hər an döyüşməyə hazır olması və bu istiqamətdə əlindən gələni əsirgəməməsi, ölkədə gənclər arasında yüksək ruhiyyədən xəbər verib. Bundan əlavə dünən gecə saatlarında Tovuz əhalisinin küçələrə axışaraq öz şəhidi böyük ehtiramla qarşılaması da son insident zamanı qürurverici olaylardan biri oldu.

Lakin müsbətləri qeyd etdiyimiz kimi mənfiləri də bildirməyimiz bu istiqamətdə yaranan boşluqları doldurmağa imkan verə bilər. Dünən ölkə üzrə şəhidlər verdiyimizə rəğmən günortadan sonra axşama doğru bəzi telekanallar öz proqramlarında dəyişiklik etməyə həvəsli görünmədilər. Bunu yayıma gedən çal-çağırlı verilişlər və musiqili dəqiqələrdan görmək mümkün idi.

Dərhal çal-çağırı və əyləncəli verilişləri yığışdırmalı olan telekanallar şəhidlərin ruhuna hörmətsizlik etməməli idilər. Dünya praktikasında belə bir təcrübə mövcuddur ki, bu tip hadisələr olarkən kanallar dərhal ekstra vəziyyətə keçir, bütün şou və əyləncə proqramları dayanır və cəbhəboyu rəsmi və insanlara ümidverici məlumatlar səsləndirməyə başlayır.

Əfsuslar olsun ki, bunu həmin kanalların bəzisində görmədik. Düzdür, bu təcrübəni ortaya qoyan kanallarımız da oldu və onlar xalqın rəğbətini qazandılar. Lakin əyləncə verilişlərini tamamilə efirdən yığışdırmağı unudan bəzi kanallar buna riayət etmədilər. Odur ki, sosial şəbəkədə istifadəçilər də bu kanalları tənqid atəşinə tutur və şəhidlərə hörmətsizlikdə suçlayırlar.

Bəs, görəsən, bu tip hallarda kanalların operativ şəkildə gündəmə uyğun yayıma başlaması üçün hər hansı nəzarət mexanizmi varmı? Buna nəzarət edən qurum və ya qaydalar mövcuddurmu? Bu məqsədlə Milli Televiziya və Radio Şurasına müraciət etdik. Qurumun Aparat rəhbəri Fazim Novruzov BAKU.WS-ə bildirdi ki, bəzi kanallar proqram dəyişikliyi etsə də, bəziləri bunu edə bilməyib: "Yəqin ki, çatdırmayıblar və bu gün dəyişikliyi ediblər. Dünən həm bazar günü olduğundan, həm də texniki məsələlər olduğundan proqramları dəyişdirməyə çatdırmayıblar.

O ki, qaldı Milli Televiziya və Radio Şurasının göstəriş verməsinə, bu məsələdə qanun pozuntusu olsa, biz dərhal onu nəzarətə götürürük. Lakin şuranın göstəriş vermək hüququ yoxdur. Şuranın bu məsələdə səlahiyyəti yoxdur ki, hansısa telekanala göstəriş versin.

Proqram səlahiyyətləri tam olaraq kanalların özlərindədir. Televiziya və radio haqqında qanunda yazılıb ki, teleradio yayımçılarının bütün yaradıcı və peşə fəaliyyəti tam müstəqil həyata keçirilir. Heç bir dövlət orqanının və ya qurumun buna müdaxilə etmək hüququ yoxdur. Bəlli qanunlar var və bizim qurum bu qanunlara riayət olunmasına nəzarət edir. Əgər ümumxalq hüzn günündə belə bir addım atılsaydı, dərhal cəzalanardılar. Çünki ümumxalq hüzn günündə bunu vermək olmaz.

Amma əksər kanallar dəyişiklik ediblər, bir-ikisi bunu çatdırmayıbsa, bunu bu gündən reallaşdırıblar".

Son xəbərlər