Azərbaycan parlamenti "Balıqçılıq haqqında" qanun layihəsini müzakirə edir
Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında "Balıqçılıq haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, sənəd Azərbaycanda balıqçılığın, o cümlədən balıq və digər su bioresurslarının ovunun və akvakulturanın təşkilinin, idarə edilməsinin, balıq və digər su bioresurslarının artırılmasının, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir.
Balıqçılıq haqqında qanunvericilik həmçinin Konstitusiyadan, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Su Məcəlləsindən, "Qida təhlükəsizliyi haqqında", "Heyvanlar aləmi haqqında", "Damazlıq heyvandarlıq haqqında", "Baytarlıq haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında" qanunlardan və digər normativ hüquqi aktlardan ibarətdir.
Balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi ilə əlaqədar yaranan su, torpaq, əmlak, ətraf mühitin mühafizəsi, balıq məhsulunun minimum keyfiyyətinin və təhlükəsizliyinin idarə olunması və digər münasibətlər bu Qanunun tələbləri nəzərə alınmaqla müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi bu Qanunla, habelə su qanunvericiliyi, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə və digər beynəlxalq hüquq normaları ilə tənzimlənir.
Sərhəd su obyektlərində balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi su və dövlət sərhədi haqqında normativ hüquqi aktlar, habelə ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmaqla bu Qanunla tənzimlənir.
Ələt azad iqtisadi zonasında balıqçılıq sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqında" qanunun tələblərinə uyğun olaraq tənzimlənir.
Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Qanun qüvvəyə mindiyi gündən "Balıqçılıq haqqında" 27 mart 1998-ci il tarixli qanun ləğv edilir.
Oxşar xəbərlər
Bu gün Beynəlxalq Dənizçilər Günüdür
Hər il iyunun 25-i dünyada Beynəlxalq Dənizçilər Günü kimi qeyd olunur. Həyatını çətin və şərəfli peşəyə həsr etmiş, cəmiyyətimizin fəal üzvləri olan və iqtisad...