Ata ağır xəstəliyi olan uşağına əlillik ala bilmir: "Dedi ki, hara istəyirsən, şikayət et"

Ata ağır xəstəliyi olan uşağına əlillik ala bilmir: Dedi ki, hara istəyirsən, şikayət et
Video
Sosial 41

Cəlilabad rayonunun Qarazəncir kənd sakini Qəfər Cəfərov Baku TV-nin qaynar xəttinə müraciət edib.

O bildirib ki, 9 yaşlı oğlu anadangəlmə ürək qüsurlu olsa da, əlilliyin müəyyən edilməsi üçün heç bir sənəd ala bilmir. İllərdir döymədikləri qapı, müraciət etmədikləri qurum da qalmayıb.

Q.Cəfərovun sözlərinə görə, övladının beyin MRT-si və digər müayinələri aparılıb, ürək problemindən başqa heç bir əlavə xəstəlik müəyyən olunmayıb:

"Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında bir həftə müalicə alıb. Xəstəxanadan çıxdığı gün "Forma 88" sənədini istədim, amma vermədilər. Altı ildir bu yollardayam. TƏBİB uşağın vəziyyətini bildi və bizi yenidən Respublika Klinik Xəstəxanasına yönləndirdi. Orada da eyni diaqnoz qoyuldu. Daha sonra "Yeni Klinika"ya göndərildik. Həmin klinikada uşağın vəziyyəti ağırlaşdı, 40 dəqiqə süni nəfəs verildikdən sonra özünə gəldi. Mənim tək istəyim odur ki, uşağın əlilliyi rəsmən təyin olunsun".

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, 2017-ci il təvəllüdlü Ülvi Cəfərovun əlilliklə bağlı müraciəti araşdırılıb:

"Onun ixtisaslaşmış tibb müəssisəsi olan "Yeni Klinika"da müayinə olunması üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərişlə təmin edildiyi məlum olub.

Qəfər Cəfərov övladının müayinə olunduğunu və müayinə nəticələrinin ona 30.01.2026-cı il tarixində təqdim ediləcəyi barədə məlumat verib. Vətəndaşa müayinə nəticələrini əldə etdikdən sonra bütün tibbi sənədləri ilə Cəlilabad RMX-nin Həkim Məsləhət Komissiyasına müraciət etməsi haqqında məlumat verilib.

Həkim Məsləhət Komissiyasında tibbi sənədlərə baxış keçirildikdən sonra Ülvi Cəfərova təyin olunacaq diaqnoz və ya ağırlaşmaları "Əlilliyin müəyyən olunması meyarları"na uyğun gəldiyi halda tibbi-sosial ekspertiza müayinəsinə göndərişinin rəsmiləşdirilməsi mümkün olacaq".

Baku TV Qəfər Cəfərovla müalicə və müayinə nəticələrini əldə etdikdən sonra bir daha əlaqə saxlayıb.

O qeyd edib ki, sənədləri aidiyyəti tibb müəssisəsinə təqdim etsə də, övladının əlilliyinin rəsmiləşdirilməsi ilə bağlı hələ də konkret cavab ala bilməyib:

"Yanvarın 30-da cavabları götürdüm. Mənə dedilər ki, bu sənədləri Respublika Klinik Xəstəxanasına aparmalısan, orada uşağa diaqnoz qoyulmalı və əlilliklə bağlı rəy verilməlidir. Sənədləri apardım, amma həkimlər bildirdilər ki, nə rəy verə, nə də yazılı cavab təqdim edə bilərlər. İmtinanın səbəbini yazılı şəkildə istədim, lakin bundan da boyun qaçırdılar. Həkim dedi ki, get, hara istəyirsən şikayət et".

Son xəbərlər