Allahşükür Paşazadə dinlə bağlı təhlükəli məqamlardan danışdı

Allahşükür Paşazadə dinlə bağlı təhlükəli məqamlardan danışdı
Sosial 922

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə BMT İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbulunun 70 illiyi ilə bağlı bəyanat verib.

BAKU.WS xəbər verir ki, bu barədə qurumdan bildirilib. İdarədən verilən məlumata görə, Beynəlxalq Dinlər və mədəniyyətlərarası dialoq Mərkəzinin (KAICIID) Direktorlar Şurasının üzvü olaraq bəyanat verən A.Paşazadə qurumda İslam dünyasını təmsil edən dini lider olaraq dünya üçün önəm kəsb edən məqamlara dair fikirlərini ifadə edib.

Müraciətdə Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüququn və fundamental insan haqlarının keşiyində ardıcıl duran beynəlmiləl qurum olduğunu xüsusi vurğulayan QMİ sədri İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbulunu BMT tarixində dəyərli hadisə kimi dəyərləndirib.

Bununla belə, insan hüquqlarının tam mənada təmin olunmamasını bildirən A.Paşazadə BMT sistemində əsaslı dəyişikliklərə ehtiyacı önə çəkərək, qloballaşan dünyada siyasi iddialar, iqtisadi maraqlar səbəbindən mənəvi-əxlaqi dəyərlərin nəzərə alınmadığına və bunun da insan hüquqlarının təmin olunması sahəsində ikili standartlara yol açdığına diqqəti çəkib.

QMİ sədri Yaxın Şərqdə baş verən faciəvi hadisələr fonunda miqrant axınını yaradan səbəbləri aradan qaldırmaq əvəzinə, insanlıq dramı yaşayan məcburi miqrantlara qarşı antihumanist münasibət, irqçi və aqressiv davranış nümayiş etdirilməsini, problemdən siyasi məqsədlər üçün istifadə meyllərini xüsusi vurğulayıb.

QMİ sədri insan hüquqları sahəsində ikili standartların mövcudluğunun, beynəlxalq hüququn çox zaman işləməməsinin, qəbul edilən qərarların yerinə yetirilməməsinin dövrümüzün reallığı olduğunu bildirərək, bunun ağır nəticələri kontekstində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 4 BMT qətnaməsinin indiyədək yerinə yetirilməməsinə diqqəti yönəldib.

XXI əsrdə qloballaşma proseslərinin sürətləndiyi dövrdə sülh və ədalətin təmininə xidmət edən dəyərlərin sırasında dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, humanist dəyərlərin önəmli yer tutduğunu bildirən şeyxülislam bu gün sülhün qorunması probleminin həllində,

habelə terrorizm, ksenofobiya, antisemitizm, islamofobiya, ekstremizm və radikalizmin qarşısının alınmasında, dünyada sabitlik və əmin-amanlığın bərqərarı üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığının vacibliyini önə çəkib.

Dünya miqyasında taleyüklü qərarlar verilərkən dünya dini liderlərinin mənəvi, dini-əxlaqi dəyərləndirmələri, müdrik tövsiyə və məşvərətlərinə ehtiyac var.

Bu gün milli, irqi, dini ekstremizmi önləyə biləcək multikultural həyat tərzinin qloballaşan dünyaya təqdim edilməsinə böyük ehtiyac olduğuna diqqəti çəkən A.Paşazadə bu baxımdan Azərbaycanın uğurlu birgəyaşayış modelini bütün dünya üçün örnək göstərib.

Azərbaycanın müxtəlif din ardıcıllarının dinc birgəyaşayışının gündəlik həyati reallıq, multikulturalizmin həyat tərzi olduğu nadir ölkələrdən olduğunu vurğulayan QMİ sədri dinlərarası dostluq, qardaşlıq və əməkdaşlıq amallarına həm dövlətimizin ali qarant olduğuna, həm də milli mentalitetimizin rəvac verdiyinə diqqəti çəkib.

O bildirib ki, Azərbaycanın dövlət rəhbərinin elan etdiyi istər Multikulturalizm, istər İslam Həmrəyliyi illəri, müəllifi olduğu 10 illik tarixə malik Bakı prosesi məhz bu məramlara xidmət edir.

Bu ideyaları irəli sürməklə, onları təqdimat etməklə kifayətlənmədiyimizi, dünyada sülh və qarşılıqlı anlaşmaya nail olananadək davamlı şəkildə insanlara çatdırılmasına səy göstərdiyimizi bildirən şeyxülislam dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsinin də dinlərarası dialoq istiqamətində səylərini diqqətə çatdırıb.

Müasir dövrdə milli və dini zəmində baş verən münaqişələrə qarşı ənənəvi dinlərin sülh, ədalət, mənəvi-əxlaqi prinsiplərindən, habelə sülhyaratma potensialından geniş istifadə etməyin vacibliyinə diqqəti çəkən QMİ sədri bu dəyərlərin BMT tribunasından təbliğinin məntiqi və məqsədəmüvafiq olduğunu bildirib.

O xüsusi vurğulayıb ki, BMT üzvləri qəbul etməlidirlər ki, təhlükə dindən deyil, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından irəli gəlir. Odur ki, dünyada dini və milli zəmində ekstremizmin qarşısının alınnması üçün dünya dini liderlərinin beynəlxalq platformada - BMT çərçivəsində məşvərət hüququnun təmin edilməsi zamanın tələbidir.

A.Paşazadə diqqətə çatdırıb ki, BMT qlobal problemlərin həllində dünya dini liderlərinin rəy və tövsiyələrinin beynəlxalq müstəvidə nəzərə alınmasını təmin edərsə, bu, heç şübhəsiz ki, mədəniyyətlər və dinlərarası dialoqun yeni, daha üstün keyfiyyət mərhələsi olar və BMT-nin mötəbər beynəlxalq struktur olaraq daha da təkmilləşməsinə, onun nüfuz və dəyərinin daha da artmasına xidmət edər.

Direktorlar Şurasında təmsil olunan xristian, yəhudi, induist və s. dinlərin liderləri də müvafiq olaraq bəyanatlar veriblər.

BAKU.WS

Oxşar xəbərlər

Şeyx Almaniyaya gedir

Şeyx Almaniyaya gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 17-də Almaniyaya səfərə yola düşür.İdarədən BAKU.WS-ə verilən məlumata görə, səfər...

1294 Sosial 19:45 16 noyabr 2018

Son xəbərlər