ADY yay mövsümündə regionlara əlavə qatar reysləri təyin edib

ADY yay mövsümündə regionlara əlavə qatar reysləri təyin edib
Sosial 18

Yay mövsümündə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC bir sıra marşrutlar üzrə əlavə qatar reysləri və yeni xidmətlər tətbiq edəcək.

Bu barədə BAKU.WS-ə qurumdan məlumat verilib.

Bildirilib ki, 13 iyun-31 avqustda Bakı–Ağstafa–Bakı marşrutu üzrə qatarlar hər şənbə və bazar günləri hərəkət edəcək. Həmçinin 15 İyun – Milli Qurtuluş Günü və 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bu istiqamətdə əlavə reyslər təşkil olunacaq.

Qatar Bakıdan şənbə günləri saat 08:30-da, Ağstafadan isə bazar günləri saat 17:15-də yola düşəcək.

Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə iyunun 6-dan etibarən həftəsonları hər iki istiqamətdə səfərlər həyata keçirilir. Sərnişin axınının qarşılanması məqsədilə iyunun 26-ı bu marşrut üzrə əlavə reys də təyin olunub.

Bundan başqa, iyulun 4-dən etibarən Bakı–Qəbələ–Bakı marşrutu üzrə hərəkət edən qatarlar Ucar stansiyasında da dayanacaq. Yenilik bölgə sakinlərinin və sərnişinlərin dəmir yolu xidmətlərindən daha rahat istifadə etməsinə şərait yaradacaq.

Qatar Bakıdan Qəbələ istiqamətində saat 07:30-da, Qəbələdən isə Bakıya saat 19:00-da yola düşür.

ADY həmçinin Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkət cədvəlində dəyişiklik edib. Belə ki, iyulun 1-dən etibarən qatar Bakıdan saat 23:30-da, Balakəndən isə saat 21:10-da yola düşəcək.

Sərnişin tələbatının qarşılanması məqsədilə 12 və 13 iyun tarixlərində Bakıdan və Balakəndən hərəkət edəcək qatarların vaqon sayı artırılaraq 9-a çatdırılacaq.

Qeyd edək ki, 6 iyundan etibarən rayonlararası istiqamətlər üzrə səfərlər Dərnəgül stansiyasından da təşkil olunur.

Bundan əlavə, Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar 15 İyun – Milli Qurtuluş Günü və 26 İyun – Silahlı Qüvvələr Günü qeyri-iş günü qrafikinə uyğun fəaliyyət göstərəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər