ADB Bakı-Böyük Kəsik dəmir yolu xəttinə 300 milyon dollar kredit ayıra bilər

ADB Bakı-Böyük Kəsik dəmir yolu xəttinə 300 milyon dollar kredit ayıra bilər
Sosial 9

Asiya İnkişaf Bankı (ADB) Bakı-Böyük Kəsik dəmir yolu xəttinin elektrikləşdirmə, siqnalizasiya və telekommunikasiya layihəsinə 300 milyon ABŞ dolları məbləğində kredit ayıra bilər.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə bank məlumat yayıb.

Məlumata əsasən, layihə dəmir yolu xətti boyunca elektrikləşdirmə, siqnalizasiya və telekommunikasiya sistemlərinin (EST) tədarükünü və quraşdırılmasını əhatə edir. Bu xətt Şərq-Qərb dəmir yolu dəhlizinin bir hissəsidir və "Azərbaycan Dəmir Yolları" QSC-nin beynəlxalq yük daşımalarına xidmət edir. İxracların əksəriyyəti ya Bakı-Böyük Kəsik, ya da Biləcəri-Yalama marşrutu ilə həyata keçirilir.

Təklif edilən layihə xəttin müasir elektrikləşdirmə infrastrukturu (dirəklər, kontakt şəbəkəsi, yarımstansiyalar, kabellər), siqnalizasiya sistemləri (yol boyu siqnallar, stansiyalarda avadanlıqlar, kabellər) və telekommunikasiya sistemləri (dəmir yolu şəbəkə rabitə sistemləri, bortdakı elektron cihazlar, fiber-optik və simsiz rabitə sistemləri) ilə tam təchiz edilməsini və iki dəmir yolu dəhlizi boyunca dəyişən cərəyan enerji təchizatı və siqnalizasiyanın tamamlanmasını hədəfləyir.

Layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanın iqtisadi cəhətdən davamlı dəmir yolu nəqliyyatı inkişaf edəcək. Bundan başqa, Şərq-Qərb və Şimal-Cənub dəmir yolu dəhlizləri boyunca enerji səmərəli və təhlükəsiz dəmir yolu əməliyyatları olacaq.

ADB-nin Direktorlar Şurasının bu kreditin verilməsi ilə bağlı iclasının 2027-ci il sentyabrın 17-də olacağı planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddət ərzində bank ölkəyə 5,6 milyard ABŞ dollarına yaxın kredit ayırıb. Bunun 4,4 milyard dolları dövlət sektoruna, 1,2 milyard dolları özəl sektora yönəldilib. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dolları, enerji layihələrinə isə 1,7 milyard ABŞ dolları vəsait ayırıb.

Yeni tərəfdaşlıq strategiyasının bir hissəsi olaraq, ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər investisiya qoymağa hazırdır.

ADB 1966-cı ildə təsis edilib. Onun baş qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Bankda 50-si Asiya-Sakit okean regionundan olmaqla 69 səhmdar ölkə təmsil olunur.

Son xəbərlər