SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda velosiped yollarının mövcud olmaması paytaxt sakinlərini narahat edən ciddi məsələlərdən biridir.

BAKU.WS xəbər verir ki, günü-gündən velosiped istifadəçilərinin sayının artması yolların salınması aktuallığını daha da artırır.

İstənilən şəhərdə velosiped yollarının olması, o şəhərdə ətraf mühitin, infrastrukturun, mədəniyyətin və alternativlərin qayğısına qalındığını göstərir. Lakin bizdə bu yolların hələ olmaması, həm velosiped sürücülərini narahat edir, həm də şəhərdə alternativ nəqliyyatdan istifadənin qarşısını alır.

Velosiped sürücüsü olan və hər gün evdən işə velosipedlə gedən Nurlan Əliməmmədov da ayrıca yolların olmamasından əziyyət çəkənlərdən biridir. O, BAKU.WS-ə bildirdi ki, velosipeddən istifadə edərkən hər gün təhlükəli vəziyyətlə üzləşir:

"Bildiyiniz kimi ölkə başçısının velosiped yolları ilə bağlı sərəncamı var. Orada bu yolların 2022-ci ilə qədər çəkilib qurtarması öz əksini tapıb. Lakin hələlik bu istiqamətdə irəliləyiş hiss olunmur. Sadəcə bəzi parklarda velosiped yolları çəkilib. Bu parkların birinə 14 yaşına qədər şəxslərin velosiped sürməsinə icazə verilir.

Mən uzun illərdir, evdən işə məhz velosipedlə gedib-gəlirəm. Avtomobil yolu ilə işə getmək təhlükəli olsa da, bunu bəzən sarı zolağa çıxaraq edirəm. Lakin bütün yol boyu sarı zolaq olmadığı üçün bir çox hallarda avtomobil yoluna çıxmalı oluram. Hər gün Neftçilər metrostansiyası ərazisindən İnşaatçılar metrostansiyası istiqamətinə hərəkət edirəm. Demək olar ki, 27 dəqiqə ərzində işdə oluram. Amma metro ilə getsəm, bu yolu daha gec qət etmiş olacam. Yol boyu təhlükəli vəziyyətlər olsa da, şükrlər olsun qəzaya düşməmişəm".

Nurlan Əliməmmədov velosiped yollarının çəkilməsi ilə bağlı təkliflərini də irəli sürüb: "Şəhərdə velosiped sürənlər çoxdur. Lakin hamısı velosipedləri sürmək üçün yolların olmamasından şikayət edirlər. Əgər bu yollar olsa, bir çoxları evdən işə məhz velosipedlə getməyə üstünlük verərdi. Konkret olaraq təklif versək, şəhərin Koroğlu metrostansiyası ərazisindən Dənizkənarı Bulvar istiqamətində velosiped yolunun çəkilməsi yaxşı olardı.

Bunun üçün çoxlu xərc çəkməyə ehtiyac da yoxdur. Sadəcə yolda sarı zolaq çəkiləcək və həmin yola maşınların daxil olmaması üçün qadağa tətbiq ediləcək. Bundan əlavə, Bakı kəndləri istiqamətində Fəhlə prospekti və digər istiqamətlərdən velosiped yolları çəkilə bilər.

Velosiped sürənlər adətən aeroport yolu istiqamətində velosiped sürsə də, bu, çox təhlükəlidir. Yalnız gündüz vaxtlarında bu yolda velosiped sürmək təhlükə riskini nisbətən azaldır.

Velosiped sürücülərini narahat edən digər məqam isə drenaj qapaqlarıdır. Bəzi arakəsməli qapaqlar velisoped sürücülərinə ciddi problem yaradır. Hətta ciddi xəsarət alanlar da olub. Bu problem Elmlər Akademiyası metrostansiyası və Fəhlə prospekti istiqamətində yaşanır".

"Bakıda nə vaxtsa velosiped yolları olacaqmı?" sualına və bu istiqamətdə digər suallara cavab tapmaq üçün Bakı Nəqliyyat Agentliyinə (BNA)  müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Mayis Ağayev BAKU.WS-ə bildirdi ki, velosiped yollarının salınması barədə layihə hazırlanıb və artıq aidiyyətli qurumlarla da razılaşdırılıb:

"Məqsədimiz velosipedin daha çox bir nəqliyyat növü kimi populyarlaşmasıdır. Çünki hazırda vətəndaşlarımız velosiped sürməyə maraq göstərirlər. Lakin bu sadəcə idman məqsədi daşıyır. Velosipedin bir nəqliyyat növü kimi populyarlaşması, daha çox vətəndaşımızın velosipeddən istifadə etməsi ətraf mühitin qorunması baxımından da çox əhəmiyyətlidir.

Bu məqsədimizə nail olmaq üçün, əlbəttə ki, təhlükəsiz hərəkət mühiti formalaşdırmalıyıq. Hazırda bunun üçün təhlükəsiz bir şərait yoxdur. Amma bu istiqamətdə mühüm işlər görülür.

Bakı Nəqliyyat Agentliyi tərəfindən ilkin mərhələdə əsasən şəhərin mərkəzi hissəsini əhatə etməklə 18.5 km uzunluğunda velosiped yollarının salınması barədə layihə hazırlanıb və artıq aidiyyətli qurumlarla da razılaşdırılıb. Qeyd edim ki, bu layihənin ilkin olaraq 7.5 km-lik yolu pilot olaraq çəkiləcək.

Bildiyiniz kimi, A.S.Puşkin küçəsində (Üzeyir Hacıbəyov küçəsi ilə kəsişmədə) sınaq kimi 100 metr uzunluğunda velosiped zolağı da salınıb. Hazırda layihənin icrası işlərinə başlanılması üçün hazırlıqlar gedir. Bunlar yekunlaşdıqdan sonra isə icra işlərinə başlanılacaqdır".

Orxan Hüseyn
BAKU.WS