VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Dövlət başçısının imzaladığı sərəncam gömrük sistemində həm idxal-əməliyyatlarının asanlaşmasına, həm də bu sahədə mövcud neqativ halların, korrupsiya və bürokratiyanın aradan qaldırılmasına gətirib çıxaracaq".

Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov Milli.Az-a açıqlamasında Prezidentin İlham Əliyevin imzaladığı Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamın mahiyyətini şərh edərkən deyib.

İSİM sədrinin sözlərinə görə, burada əsas məqsəd gömrük xidmətlərinin elektronlaşması, elektron bəyannamələrin təqdim edilməsi və prosedurların elektronlaşması, eyni zamanda elekton nəzarət sisteminin inkişaf etdirilməsidir: "Nəzərə alsaq ki, bu ilin yanvarından başlayaraq, gömrük sahəsində, xüsusən idxalla bağlı islahatlar aparılır, idxalda monopoliyalar aradan qaldırılır, indiki mərhələdə əsas prioritet xidmətlərin elektronlaşması, sahibkar-məmur, ümumən vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsidir".

Ekspertin fikrincə, prezidentin imzaladığı bu sərəncam gömrük prosedurlarının sayının azalmasına gətirib çıxaracaq: "Bildiyiniz kimi, Azərbaycanın Dünya Bankının Bizneslə məşğulolma hesabatındakı yeri prosedurların sayına görə arzuolunan deyil. Bu hesabatda iki məqam Azərbaycan üçün mənfi hal hesab olunur. Onlardan biri də gömrükdə idxal-ixrac ilə bağlıdır. Prosedurların sayı çox olduğu üçün sərf edilən vaxtın, günlərin sayı da çoxdur. Bu da həm sahibkarlıq fəaliyyətinə, həm də beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyinə mənfi təsir göstərir. Ölkə prezidentinin imzaladığı bu sənəd isə bu prosedurların elektronlaşmasına imkan yaradacaq. Bu addım gömrük prosedurlarının sayını azaldacaq. Nəticədə sahibkarlar idxal-ixrac əməliyyatlarını daha asan və rahat şəkildə həyata keçirə biləcək.

V.Bayramovun sözlərinə görə, ikinci məsələ özündə prosedurların tam elektronlaşmasını ehtiva edir: "Bəyannamələr də elektron şəkildə təqdim olunacaq, ödənişlər də elekton formada olacaq. Bu isə xüsusən şəfafflığın artırılması və bir sıra neqativ halların, korrupsiya və bürokratiyanın aradan qaldırılması baxımından çox vacibdir. Çünki uzun müddətdir ki, gömrük sistemində ciddi problemlərdən biri şəffaflığın azlığı və qeyri-rəsmi ödənişlərin olması ilə bağlı idi. Elektronlaşma isə şəffaflığın aradan qaldırılmasında ən sınanılmış və ən doğru metodlardan biridir".

İqtisadçı bir müddət sonra gömrük xidmətlərinin "ASAN xidmət"ə verilə biləcəyini də istisna etməyib: "Elektronlaşma ümumən bütün ölkə üçün çox vacibdir. Həyata keçirilən son islahatların da əsas prioritetlərindən biri ondan ibarətdir ki, xidmətlər elektronlaşsın və müəyyən müddətdən sonra onların "ASAN xidmət"ə verilməsi həyata keçirilsin. Düşünürəm ki, gömrük xidmətləri də "ASAN xidmət"ə verilməlidir. Güman edirəm ki, bu islahatların sonunda artıq elektronlaşmış xidmətlərin xeyli hissəsinin "ASAN xidmət"ə verilməsinin şahidi olacağıq".

Qeyd edək ki, prezident İlham Əliyev martın 4-də Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
BAKU.WS