Kirayə mənzil ala bilmək üçün bu - ŞƏRTLƏRƏ ƏMƏL ETMƏLİSİNİZ

Kirayə mənzil ala bilmək üçün bu - ŞƏRTLƏRƏ ƏMƏL ETMƏLİSİNİZ
Sosial 7541

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu açıqlayıb ki, kirayə mənzillər Bakı və Bakıətrafı, o cümlədən Sumqayıt şəhərində yerləşən çoxmərtəbəli binalarda yerləşəcək.

BAKU.WS xəbər verir ki, fonda müraciət edən vətəndaşlara heç bir faiz olmadan kirayə mənzillər təqdim olunacaq.

Azərbaycan Respublikasının vətəndaşı olan şəxslər kirayə mənzillərin alınması üçün aşağıdakı mərhələləri keçməlidir.

Satmaq öhdəliyi ilə kirayə verilən yaşayış sahəsinin ALINMA MƏRHƏLƏLƏRİ

1. Kirayə üçün müraciət – Yaşayış sahəsinin verilməsi üçün yaşayış sahəsi almaq istəyən şəxsin kirayə müqaviləsinin bağlanılması məqsədilə müraciəti, habelə ərizəçinin ailə üzvlərinin müraciəti yalnız "ASAN Xidmət" mərkəzlərindən birində əldə edilmiş gücləndirilmiş elektron imza sertifikatı ilə “Elektron İpoteka və Kredit Zəmanət” sistemində (elektron sistem) yaradılan elektron kabinetdə müvafiq ərizə-anket formasının doldurulması vasitəsilə edilir. Müraciətlər real vaxt rejimində elektron sistemdə qeydiyyata alınır və onlara həmin sistem vasitəsilə qeydiyyat sıra nömrəsi verilir.

2. Müraciətə baxılma - müraciətlərə baxılma aşağıdakı mərhələlərin ardıcıllığı ilə həyata keçirilir:

1) İlkin qiymətləndirmə - ilkin qiymətləndirmə elektron sistem vasitəsi ilə əldə edilən məlumatlar əsasında elektron qaydada həyata keçirilir. İlkin qiymətləndirmə zamanı ərizəçinin aşağıdakı tələblərə uyğunluğu yoxlanılır:

• ərizəçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti;

• ərizəçinin məhkumluğunun olmaması;

• müraciət anına ərizəçinin vaxtı keçmiş öhdəliklərinin olmaması;

• müraciət anına ərizəçinin yaşının 60 yaşdan yuxarı olmaması;

• müraciət anına ərizəçinin Fondla aktiv kirayə münasibətlərində olmaması.

2) Kredit tarixçəsinin təhlili - kredit tarixçəsi kredit büroları və digər mənbələrdən əldə edilmiş məlumatlar əsasında təhlil edilir və ərizəçinin maliyyə intizamı qiymətləndirilir. Təhlilin nəticəsinə əsasən ərizəçinin kredit tarixçəsi “müsbət”, “qənaətbəxş” və ya “mənfi” olaraq qiymətləndirilir:

Aşağıdakı tələblərin hər birinə riayət olunduğu halda, kredit tarixçəsi “müsbət” olaraq qiymətləndirilir:

• ərizəçinin kredit tarixçəsinin müddəti ən azı 12 ay olduqda;

• ərizəçinin son 24 ay ərzində 60 gündən çox gecikdirilmiş öhdəlikləri olmadıqda;

• ərizəçinin bütün kredit tarixçəsi müddətində 90 gündən çox gecikdirilmiş öhdəlikləri olmadıqda.

Aşağıdakı hallarda kredit tarixçəsi “qənaətbəxş” olaraq qiymətləndirilir:

• ərizəçi kredit tarixçəsinə malik olmadıqda;

• “müsbət” və ya “mənfi” kredit tarixçəsinə aid olmayan hallarda.

Ərizəçinin son 12 ay ərzində 90 gündən çox gecikdirilmiş öhdəliyi olduqda, kredit tarixçəsi “mənfi” olaraq qiymətləndirilir.

3) Gəlirlərin təhlili - ərizəçinin gəlirlərinin təhlili onun aylıq məcmu gəlirləri əsasında həyata keçirilir. Ərizəçinin aylıq məcmu gəlirinin hesablanması zamanı Azərbaycan Respublikasının ərazisində əldə edilən, həm də onun hüdudlarından kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirləri nəzərə alınır. Bu cür gəlirlərə əmək haqqı, sahibkarlıq (ən azı son 12 ay müddətində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır) və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər, əmək pensiyaları, sosial müavinətlər, alimentlər və sair gəlirlər aid ola bilər. Ərizəçinin gəlirləri elektron sistem vasitəsi ilə əldə edilən məlumatlara və ya ərizəçi tərəfindən görüş zamanı təqdim edilən vergi, əmək, sığorta, o cümlədən sosial sığorta və bank qanunvericiliyi ilə müəyyən edilmiş təsdiqedici sənədlərə əsasən hesablanır. Gəlirlərinin nəzərə alınması üçün ərizəçinin ailə üzvü müraciət etdikdə, onun orta aylıq gəlirləri ərizəçinin gəlirlərinin təhlili ilə eyni qaydada hesablanır və ərizəçi ilə həmin ailə üzvünün orta aylıq gəlirinin cəmi ərizəçinin orta aylıq gəlirini təşkil edir.

4) Kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləğinin və müddətin müəyyən edilməsi - ərizəçinin kirayə müqaviləsi üzrə aylıq ödənişinin maksimal məbləği onun xalis orta aylıq gəliri əsasında müəyyən edilir. Ərizəçinin xalis orta aylıq gəliri hesablanarkən onun orta aylıq gəlirindən aşağıdakı xərclər çıxılır:

a. ölkə üzrə yaşayış minimumu məbləği nəzərə alınmaqla ərizəçinin və onun ailə üzvlərinin saxlanması üçün xərclər;

b. ərizəçinin kredit təşkilatlarından aldığı kreditlər, o cümlədən kredit xətləri üzrə icra olunmamış öhdəlikləri və zamin qismində çıxış etdiyi ödənilməmiş kreditlər üzrə ödəniş cədvəlində müəyyən olunmuş aylıq ödənişlər.

Gəlirlərin nəzərə alınması üçün ərizəçinin ailə üzvü müraciət etdikdə, ərizəçinin orta aylıq gəlirindən əlavə olaraq ailə üzvünün xərcləridə yuxarıda verilən ərizəçinin xalis orta aylıq gəlirinin müəyyən olunduğu qaydaya uyğun olaraq çıxılmaqla ərizəçinin xalis orta aylıq gəliri müəyyən edilir.

Kredit tarixçəsinin keyfiyyətindən asılı olaraq ərizəçinin xalis orta aylıq gəliri (gəlirlərin nəzərə alınması üçün ərizəçinin ailə üzvü müraciət etdikdə, ərizəçi və ailə üzvünün kredit tarixçələrindən daha aşağı qiymətləndiriləni əsas götürülməklə) aşağıdakı qaydada müəyyən edilir:

kredit tarixçəsi “müsbət” qiymətləndirildikdə:

ərizəçi subay olduqda – orta aylıq gəlirindən yaşayış minimumu məbləğinin 100 faizi və yuxarıda verilən “b” bəndində nəzərdə tutulan xərclər çıxılmaqla;

ərizəçi evli olduqda – orta aylıq gəlirindən yuxarıda verilən “b” bəndində nəzərdə tutulan xərclər çıxılmaqla.

kredit tarixçəsi “qənaətbəxş” qiymətləndirildikdə:

ərizəçi subay olduqda – orta aylıq gəlirindən yaşayış minimumu məbləğinin 100 faizi və yuxarıda verilən “b” bəndində nəzərdə tutulan xərclər çıxılmaqla;

ərizəçi evli olduqda – orta aylıq gəlirindən hər bir ailə üzvünə görə yaşayış minimumu məbləğinin 50 faizi və yuxarıda verilən “b” bəndində nəzərdə tutulan xərclər çıxılmaqla.

Kredit tarixçəsi “mənfi” qiymətləndirildikdə, ərizəçinin orta aylıq gəlirindən hər bir ailə üzvünə görə yaşayış minimumu məbləğinin 100 faizi və yuxarıda verilən “b” bəndində nəzərdə tutulan xərclər çıxılmaqla.

Kredit tarixçəsinin keyfiyyətindən asılı olaraq kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləği (gəlirlərin nəzərə alınması üçün ərizəçinin ailə üzvü müraciət etdikdə, ərizəçi və ailə üzvünün kredit tarixçələrindən daha aşağı qiymətləndiriləni əsas götürülməklə) aşağıdakı kimi müəyyən edilir:

kredit tarixçəsi “müsbət” qiymətləndirildikdə:

ərizəçi subay olduqda – xalis orta aylıq gəlirin 50 faizi;

ərizəçi evli olduqda – xalis orta aylıq gəlirin 70 faizi.

kredit tarixçəsi “qənaətbəxş” qiymətləndirildikdə:

ərizəçi subay olduqda – xalis orta aylıq gəlirin 40 faizi;

ərizəçi evli olduqda – xalis orta aylıq gəlirin 80 faizi.

kredit tarixçəsi “mənfi” qiymətləndirildikdə:

ərizəçi subay olduqda – xalis orta aylıq gəlirin 30 faizi;

ərizəçi evli olduqda – xalis orta aylıq gəlirin 70 faizi.

Misal: Ərizəçinin orta aylıq gəliri 1200 Azərbaycan manatı (AZN) təşkil etdiyi, subay olduğu, 100 AZN məbləğində kredit xətti üzrə aylıq ödənişi olduğu və kredit tarixçəsi “müsbət” qiymətləndirildiyi təqdirdə, onun orta aylıq gəlirindən (1200 AZN) yaşayış minimumu məbləğinin 100 faizi (180 AZN) və kredit xətti üzrə icra olunmamış öhdəliyi (100 AZN) çıxılmaqla ərizəçinin xalis orta aylıq gəliri (1200 -180-100=920 AZN) müəyyən olunur. Ərizəçinin kredit tarixçəsi “müsbət” qiymətləndirildiyi və subay olması səbəbindən onun 920 AZN məbləğində müəyyən edilmiş xalis orta aylıq gəlirinin 50 faizi götürülməklə kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləği 460 AZN təşkil edəcək.

Kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləği müəyyən edilərkən nəzərə alınır ki, kirayə müqaviləsinin müddəti ilə ərizəçinin və ya gəlirlərinin nəzərə alınması üçün müraciət edən ailə üzvünün ən yaşlısının müraciət anına yaşının cəmi 63 ildən çox olmasın.

Kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləğinin və müddətin müəyyən edilməsi nəticəsində ərizəçiyə kirayə müqaviləsinin bağlanmasına razılıq verilməsi və ya bağlanmasından imtina olunması barədə son qərar verilir.

3. Kirayə üçün yaşayış sahəsinin seçilməsi - razılıq barədə qərar ərizəçinin elektron kabinetində yerləşdirildiyi gün ərizəçi elektron sistemdə kirayə üçün yaşayış sahəsini seçmək hüququ əldə edir. Elektron sistemdə ərizəçiyə yalnız razılıq barədə qərarda göstərilən kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləğinə uyğun yaşayış sahələri seçim üçün təklif olunur. Ərizəçi elektron sistemdə 12 aylıq qabaqcadan ödəniş məbləğindən əlavə ödəniş etmək barədə öhdəlik götürdükdə, əlavə ödənişə uyğun olaraq elektron sistemdə daha yüksək aylıq ödənişi olan yaşayış sahələri seçim üçün təklif olunan yaşayış sahələrinin siyahısına əlavə olunur.

4. Kirayə müqaviləsinin rəsmiləşdirilməsi və güvvəyə minməsi - bu mərhələdə zəruri sənədlər toplanılır, kirayə müqaviləsi Fondun səlahiyyətli nümayəndəsi və ərizəçi tərəfindən imzalanmaqla notariat qaydasında rəsmiləşdirilir. Ərizəçi kirayə müqaviləsi bağlanıldıqdan sonra 3 iş günü ərzində aylıq ödənişin ən azı 12 misli məbləğində pul vəsaitini Fonda ödədikdə kirayəçi statusunu qazanır və kirayə müqaviləsi qüvvəyə minir.

5. Kirayə yaşayış sahəsinin təhvil verilməsi - yaşayış sahəsi kirayə müqaviləsi qüvvəyə mindiyi andan 3 iş günü müddətində Fond tərəfindən kirayəçiyə təhvil-təslim aktı əsasında təhvil verilir.

6. Kirayə müqaviləsi üzrə öhdəliklərin icrası - kirayəçi yaşayış sahəsini istifadəyə qəbul edib müəyyən edilmiş ödəmə qrafikinə uyğun olaraq kirayə müqaviləsi üzrə ödənişlərini aparmalıdır.

TƏLƏB OLUNAN SƏNƏDLƏR

• Satmaq öhdəliyi ilə kirayə verilən yaşayış sahəsini əldə etmək üçün ediləcək müraciətə ilkin tələblər:

1) ASAN xidmət mərkəzləri tərəfindən verilən gücləndirilmiş elektron imza sertifikatı

2) Elektron İpoteka və Kredit Zəmanət Sistemində gücləndirilmiş elektron imza sertifikatı ilə yaradılan elektron kabinet

3) Elektron İpoteka və Kredit Zəmanət Sistemində yaradılmış elektron kabinet sistemi ilə elektron ərizə-anket formasının doldurulması

• Satmaq öhdəliyi ilə kirayə verilən yaşayış sahəsini əldə etmək üçün edilmiş müraciətə müsbət cavab gələndən sonra Fondun məsul əməkdaşları ilə görüş zamanı tələb olunan sənədlər:

1) kirayəçinin şəxsiyyət vəsiqəsinin surəti (onunla birgə kirayə götürüləcək yaşayış sahəsində yaşayacaq ailə üzvləri varsa, həmçinin onların şəxsiyyət vəsiqələrinin surətləri)

2) gəlirlərini təsdiq edən sənədlər (əgər kirayəçinin əlavə gəlirləri kimi ailə üzvü də müraciət edirsə, onun gəlirlərini də təsdiq edən sənədlər və şəxsiyyət vəsiqəsinin surəti)

Kirayəçi fərdi sahibkar olduqda:

3. Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;

4. Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.

Qeyd: Tələb olunan sənədlər elektron sistem vasitəsilə, bu mümkün olmadıqda isə kağız daşıyıcılarda təqdim edilməlidir.

• Kirayə müqaviləsinin rəsmiləşdirilməsindən sonra təqdim olunmalı sənədlər:

Kirayə müqaviləsinin əsli və onun dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər.

KİRAYƏ MƏNZİLİN VERİLMƏ ŞƏRTLƏRİ

Minimal müddət - 3 il

Maksimal müddət - 25 il

Yaşa görə maksimal müddət - Son ödəniş tarixinə yaş 63 yaşdan çox olmamalı

Qabaqcadan ödəniş - Aylıq ödənişin ən azı 12 misli

Ödəniş valyutası - Azərbaycan manatı

Ödəniş qaydası - Aylıq bərabər hissələrlə

Subkirayə - Fondla razılaşdırmaqla

Kirayə hüquqlarının ötürülməsi - 3 ildən sonra Fondla razılaşdırmaqla

Vaxtından əvvəl tam ödəniş - 3 ildən tez olmayaraq

Kirayə mənzil alacaq şəxslər:

Azərbaycan Respublikasının vətəndaşı olmalı

Məhkumluğu olmamalı

Müraciət anına vaxtı keçmiş öhdəlikləri olmamalı

Müraciət anına yaş 60-dan yuxarı olmamalı

Müraciət anına Fondla aktiv kirayə münasibətləri olmamalı

Daha ətraflı məlumat almaq istəyənlər 1549 nömrəsinə zəng edə bilərlər.

Son xəbərlər