Məcəllədə fiziki şəxslərin gəlir vergisi ilə bağlı iki istiqamət üzrə dəyişiklik edilib.


BAKU.WSməlumat verir ki, bunlardan biri fiziki şəxslərin əsas iş yerində aylıq əməkhaqlarına edilən güzəştlərlə, ikincisi isə fiziki şəxslərin idman mərc oyunlarından əldə etdikləri gəlirlərin ödəmə mənbəyində vergiyə cəlb olunmasıdır.


Yeni dəyişikliyə əsasən, əsas iş yerində aylıq gəliri 2500 manatadək və illik gəliri 30.000 manatadək olan fiziki şəxslərin gəlirlərinin müvafiq olaraq ölkə üzrə yaşayış minimumunun 1 və 12 mislinədək olan hissəsinə gəlir vergisi üzrə güzəştin tətbiqi nəzərdə tutulub.


Vergi Məcəlləsindəki dəyişikliklərə qədər əsas iş yerində aylıq əməkhaqqı 250 manat olan fiziki şəxslərin ölkə üzrə yaşayış minimumunun 1 misli qədər, yəni 140 manat çıxmaqla baza məbləği 14 faiz vergiyə cəlb olunurdu. Adekvat olaraq, həmin şəxslərin illik gəliri 3000 manat olduqda yaşayış minimumunun 12 mislinə bərabər hissəsinə güzəşt tətbiq edilir və vəsaitin qalan hissəsindən vergi tutulurdu. Bu isə əhalinin aztəminatlı hissəsini narahat edirdi.

 

Belə ki, ölkədə davamlı olaraq yaşayış minimumu və əməkhaqlarının artımına baxmayaraq, aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərin əməkhaqlarının artırılması nəticə olaraq həmin şəxslərin güzəşt dairəsindən çıxmasına səbəb olurdu. Misal üçün, hazırda 240 manat aylıq əməkhaqqından əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun bir misli, yəni 140 manat çıxıldıqda, qalan 100 manatdan 14 faiz dərəcə ilə 14 manat vergi tutulur və işçiyə 226 manat (240-14=226) ödənilir.

 

Əməkhaqqı 10 faiz artdıqda isə bu məbləğ 264 manat təşkil edir. Bu halda, aylıq əməkhaqqı 250 manatdan yuxarı olduğundan 140 manat güzəşt tətbiq edilmir və əməkhaqqının tam məbləğindən 14 faiz dərəcə ilə 37 manat vergi tutulur və fiziki şəxsə 227 manat (264-37=227) ödənilir ki, nəticədə muzdlu işçi həmin artımdan bəhrələnmir. Yəni onun maaşının nominal olaraq 10 faiz artmasına baxmayaq, real gəliri cəmi 1 manat artmış olur.


Ona görə də qeyd olunan halların aradan qaldırılması və əməkhaqlarına tətbiq edilən vergi güzəştinin şamil olunduğu vergi ödəyicilərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, əsas iş yerində aylıq gəliri 2500 manatadək və illik gəliri 30.000 manatadək olan fiziki şəxslərin gəlirlərinin müvafiq olaraq ölkə üzrə yaşayış minimumunun 1 və 12 mislinədək olan hissəsinə gəlir vergisindən vergi güzəştinin tətbiqi nəzərdə tutulur. Fiziki şəxslərin gəlir vergisi üzrə güzəştlər 500 mindən çox insanı əhatə etməklə, iş yerlərində əməkhaqlarının leqallaşmasına da müsbət təsir göstərəcək. İşəgötürənlər üçün bu, bir stimul kimi, onların bu sahədə şəffaf iş qurmasına səbəb olacaq.

 

BAKU.WS